“Ötən gün axşam saatlarında yağan güclü yağış nəticəsində Bakı-Şamaxı avtomobil yolunun 80-ci km-lik ərazisinə, Ceyrankeçməz dərəsi adlanan hissəsinə dağlıq ərazilərdən gələn güclü sel suları özü ilə bərabər daş və palçıq qatı gətirərək yolun müvəqqəti bağlanmasına səbəb olub”.
“Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Lent.az-a bildirib ki, əraziyə dərhal qurumun canlı qüvvəsi və ağır texnikası cəlb olunub: “ Aparılan işlər nəticəsində qısa müddət ərzində palçıq qatı yoldan təmizlənərək avtomobillərin hərəkəti bərpa olunub. Bundan başqa Ceyrankeçməz çayının yatağı lildən təmizlənib və sel sularının başqa əraziyə axıdılması təmin edilib.
Təbii fəlakət zamanı sözügedən ərazidə yolun altından keçən iki ədəd suötürücü borudan birində çökmə baş verib. Nəticədə yolun hərəkət hissəsində 5 metr enində 30-40 sm dərinlikdə çökmə ərazisi yaranıb, yolun kənarlarında olan torpaq qatı yuyulub. Ərazidə Ceyrankeçməz çayı üzərində yerləşən avtomobil körpüsünə ziyan dəyməsə də, sutənzimləyici qurğuların müəyəyn hissəsi sel sularından ziyan görüb”.
A.Nəcəfli qeyd edib ki, hazırda ərazidə ASC-nin əməkdaşları tərəfindən təbii fəlakətin fəsadlarının aradan qaldırılması istiqamətində işlər davam etdirilir. Avtonəqliyyat vasitələrinin hərəkətində hər-hansı bir problem müşahidə olunmur.
***
22:57
Bu gün axşam saatlarında yağan güclü leysan yağışından sonra dağlardan gələn sel suları Qobustan rayonu ərazisindən keçən magistral avtomobil yolunda nəqliyyatın hərəkətini dayandırıb. APA-nın yerli bürosunun xəbərinə görə, sel suları Bakı-Şamaxı avtomobil yolunun 76-cı kilometrliyində, Ceyrankeçməz dərəsi adlanan əraziyə toplanaraq orada gölün əmələ gəlməsinə və nəticədə magistral yolun bağlanmasına səbəb olub.
Çökək ərazidən keçən yol və oradakı körpünün üstü su və qalın lil qatı ilə örtüldüyü üçün avtomobillərin hərəkəti tam məhdudlaşıb. Sel suları körpüyə ziyan vurub. Yol bir neçə saat bağlı qaldığı üçün Bakıdan Şamaxı istiqamətinə və əks tərəfə gedən 500-dən çox avtomobil yolda qalıb. Suda və lilin içində batıb qalan minik avtomobilləri xilas edilib. Əraziyə ağır texnikalar cəlb edilib, Ceyrankeçməz çayının yatağı lildən təmizlənib və sel sularının başqa əraziyə axıdılması təmin edilib.
Hazırda yol polisi əməkdaşları tərəfindən ərazidə avtomobillərin hərəkətinin bərpası üçün işlər davam etdirilir.