Neyrocərrahiyyə xəstəxanasının baş həkiminə diplom təqdim edildi - Qarabağ qazilərindən

Neyrocərrahiyyə xəstəxanasının baş həkiminə diplom təqdim edildi - Qarabağ qazilərindən backend

Xəbər verildiyi kimi, “Qarabağ Qaziləri” İctimai Birliyi və “Vətən Müharibəsi Əlilləri” birlikləri tərəfindən torpaqlarımızın müdafiəsi uğrunda gedən döyüşlərdə yaralanaraq əlil olmuş Qazilərə göstərdikləri nümunəvi tibbi xidmətə görə bir qrup həkim diploma layiq görülüb.

Bu günlərdə böyük bir tədbir keçirilərək dörd nəfər tibb işçisinə diplomlar təqdim edilib. Digərlərinə isə diplomlar, əvvəlcədən planlaşdırılan kimi, hər kəsin çalışdığı xəstəxanada təqdim edilir.

QAZİLER.AZ saytı xəbər verir ki, bu gün “Qarabağ Qaziləri” birliyinin sədri Ehtimad Əsədov və “Vətən Müharibəsi Əlilləri” birliyinin sədri Firudin Məmmədov və Qaziler.az saytının baş redaktoru Rey Kərimoğlu Neyrocərrahiyyə Xəstəxanasında olublar. Onlar təşkilatlar tərəfindən təltif olunmuş Respublika Neyrocərrahiyyə Xəstəxanasının baş həkimi Kabus Dadaşova diplomu təqdim ediblər. Tədbirdə xəstəxananın həkim kollektivi də iştirak edib.

“Qarabağ Qaziləri” birliyinin sədri Ehtimad Əsədov çıxış edərək bildirib ki, həm Qarabağ müharibəsində, həm də atəşkəsdən sonrakı dövrdə yaralı əsgər və zabitlərimizin həyata qayıtmasında həkimlərin xidməti böyükdür: “Biz Qarabağ müharibəsində yaralanan insanların bu həyatda qalmasına həkimlərimizin böyük rolu oldu. Onların fədakarlığı sayəsində minlərlə vətən oğlu xilas olub. Hər gün cəmiyyətimizə sağlamlıq durumu ilə bağlı problemi olan xeyli sayda Qarabağ əlilləri müraciət edirlər. Səhiyyə nazirliyi ilə quruduğumuz əlaqəli iş sayəsində biz onları xəstəxanalara yönəldir, sonrakı proseslərdə də əlimizdən gələni edirik. Bütün bu prosesin uğurlu olmasında vicdanlı və fədakar həkimlərimizin böyük xidməti var. Biz də qərara gəldik bu işdə fərqlənən həkimlərimizə öz minnətdarlığımız bildirək. Bu diplom hörmətli Kabus həkimin timsalında bütün kollektivə verilən qiymətdir. Kabus müəllimi təbrik edir, ona işlərində uğurlar arzulayırıq! Hər birinizə öz minnətdarlığımı bildiririk. Allah köməyiniz olsun!”


“Vətən Müharibəsi Əlilləri” birliyinin sədri Firudin Məmmədov da çıxış edərək Respublika Neyrocərrahiyyə Xəstəxanasının baş həkimi Kabus Dadaşovun və kollektivin Qarabağ əlillərinin müalicəsi istiqamətində gördüyü işlərdən danışdı. O da öz növbəsində K.Dadaşov başda olmaqla bütün kollektivə öz minnətdarlığını bildirdi: “Adətən, belə minnətdarlıq edəndə həkimlərimiz bir növ təvazökarlıq edir, deyirlər ki, biz öz peşə borcumuzu yerinə yetiririk. Amma biz düşünürük ki, xidmətlərində seçilən həkimlərimin hər birinə zaman-zaman minnətdarlığımızı bildirməliyik. Digər tərəfdən, bu, fəaliyyətləri ürək açmayan başqa həkimlərə də örnəkdir. Buna baxıb öz işlərində ciddi dönüş edə bilərlər.”

Sonra E.Əsədov K.Dadşova diplom təqdim etdi.

K.Dadaşov çıxış edərək ona və kollektivə verdiyi qiymətə görə təşəkkür etdi. O, bildirdi ki, Azərbaycan torpaqlarının müdafiəsi zamanı sağlamlıqlarını itirən vətən oğullarına diqqət və qayğı hər kəsin borcudur: “Əslində biz öz peşə borcumuzu yerinə yetirmişik. Hər kəs bu insanlara qarşı diqqət və qayğı göstərməlidir. O cümlədən də həkimlərimiz. Bundan sonra da əlimizdən gələni edəcəyik.”

QAZİLER.AZ




Diaspora