“SOS Uşaq Kəndləri - Azərbaycan” Assosiasiyası "1 iyun - Beynəlxalq Uşaq Müdafiəsi Günü" ilə əlaqədar ölkədə uşaq hüquqlarının daha səmərəli təmin edilməsinə dair ictimaiyyətdə biliklərin artırılması məqsədi ilə ictimai vəkillik kampaniyasına başlayıb.
QAZİLƏR.AZ APA-ya istinadən xəbər verir ki, “Uşaq müdafiəsi hər kəsin işidir” şüarı altında həyata keçirilən İctimai vəkillik kampaniyasının əsas məqsədi media vasitəsi ilə ictimaiyyət nümayəndələri arasında uşaq müdafiəsi, valideyn himayəsindən məhrum olmuş uşaqların mövcud durumu barədə bilikləri artırmaq və cəmiyyətdə uşaqlara qarşı zorakılığa münasibəti dəyişməkdir.
26 may – 6 iyun tarixlərində keçiriləcək tədbirlər sırasına jurnalistlər üçün uşaq müdafiəsinə dair təlim, KİV nümayəndələri arasında “BMT-nin Uşaqlar üçün Alternativ Qayğıya dair Qaydaları”nın Azərbaycandakı tətbiqinə dair məqalə müsabiqəsi, sosial filmin çəkilişi və televiziya ekranlarında nümayişi, sosial media vasitəsi təbliğat və sonda press-konfransın keçirilməsi daxildir.
Kampaniya çərçivəsində ilk tədbir “Uşaq müdafiəsi və media vasitəsi ilə bu mövzunun işıqlandırılması” mövzusunda jurnalistlər üçün 1 günlük təlimdir. Mayın 26-sı keçirilən təlimdə müxtəlif media orqanlarını təmsil edən 30 jurnalist iştirak edib. Təlimdə “Uşaq hüquqları və müdafiəsi”, “BMT-nin uşaqlara dair alternativ qayğıya dair qaydaları”, “Mediada uşaq problemlərinə dair xəbərlər hazırlanarkən diqqət edilməli olan vacib məqamlar” barədə müzakirələr aparılmışdır. Sonda jurnalistlərə təlimi uğurla bitirdiklərinə görə “SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyasının milli direktoru Sevinc İbrahimova tərəfindən sertifikatlar təqdim edilib.