Tanınmış jurnalist, Kəlbəcər rayonundan məcburi köçkün Elxan Salahov ABŞ, Rusiya və Fransanın dövlət başçılarına müraciət ünvanlayıb. Doğma yurd-yuvasının işğalı nəticəsində 22 ildir məcburi köçkün həyatı yaşayan Elxan Salahov qondarma erməni soyqırımının 100 illiyi ərəfəsində belə bir müraciət etməklə ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin dövlət başçılarını Dağlıq Qarabağ münaqişəsinin həlli üçün işğalçı Ermənistana ciddi təsir etməyə çağırıb.
Modern.az-ın məlumatına görə, Elxan Salahov müraciətində ata-baba yurdunu, doğmalarının erməni işğalı altında qalan məzarlarını ziyarət etmək üçün Kəlbəcərə getmək istədiyini yazıb. Lakin o, öz torpağında erməni silahlı qüvvələrinin hücumuna məruz qalacağı təhlükəsini nəzərə alaraq təhlükəsizliyinə zəmanət verilməsini xahiş edir.Müraciətdə həmçinin ötən ilin yayında Ermənistan silahlı qüvvələri tərəfindən Kəlbəcərdə girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevin azadlığa buraxılmasına yardımçı olmaları istənilir.
Xatırladaq ki, müraciət ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri olan ABŞ, Rusuya və Fransanın Azərbaycandakı səfirliklərinə göndərilib.
Müraciəti olduğu kimi tədim edirik:
Öz yurduma getmək üçün ABŞ, Rusiya və Fransa prezidentlərinə müraciət etdim:
Rusiya Federasiyasının Prezidenti cənab Vladimir Putinə
Surəti: Fransa Respublikasının Prezidenti cənab Fransua Ollanda
Surəti: Amerika Birləşmiş Ştatlarının Prezidenti cənab Barak Obamaya
Surəti: ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin Azərbaycandakı səfirliklərinə
Azərbaycan Respublikasının vətəndaşı, Kəlbəcər rayonunun Başlıbel kənd sakini Salahov Elxan İsa oğlu tərəfindən
MÜRACİƏT
Cənab Prezident!
Sizə Dağlıq Qarabağ: Ermənistan-Azərbaycan münaqişəsinin sülh nizamlanmasına dair ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən birinin dövlət başçısı olduğunuzu nəzərə alaraq müraciət edirəm. Sizin həm də ölkələrimiz arasında qarşılıqlı münasibətlərin inkişafında birbaşa iştirakınızı, dünyada və Qafqazda münaqişələrin sülh yolu ilə nizamlanması istiqamətində atdığınız addımları əsas tutaraq bu müraciətimə xüsusi həssaslıqla və humanizm prinsiplərindən yanaşacağınıza ümid edirəm. Bu müraciətimin Sizin aprelin 24-də Türkiyədə Çanaqqala zəfərinin, Ermənistanda isə qondarma soyqırımın 100 illik tədbirlərində iştirak məqsədilə regiona səfəriniz ərəfəsinə təsadüf etməsi isə çağırış və xahişimə laqeyd qalmayacağınıza inamımı daha da artırır.
Cənab Prezident!
Əvvəlcə mənim kimliyimə diqqət yetirməyinizi rica edirəm: Kəlbəcər rayonun Başlıbel kənd sakini. Mənə məxsus vətəndaş aktlarının qeydiyyatı sənədlərində bu ünvan haqlı və doğru-dürüst olaraq, mənim daimi qeydiyyat ünvanım kimi göstərilir. Çünki mən 1972-ci ildə həmin ünvanda doğulmuşam və 1993-cü il 1 aprel tarixinədək – Kəlbəcər rayonu bütünlüklə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunanadək orada yaşamışam, ata-babamın, ulu babalarımın məzarları Kəlbəcər rayonunun Başlıbel kəndindədir. 22 ildir ki, qeydiyyat ünvanım – doğulub boya-başa çatdığım Kəlbəcər rayonu Dağlıq Qarabağ və ətraf rayonlarla birgə Ermənistan dövlətinın işğalı altındadır. Torpaqlarımızın işğalından 22 ildən artıq vaxt keçsə də, öz ata-baba yurdumuza qayıdıb orada yaşayacağımıza ümidlərimizi bir an belə, itirməmişik. Bu ümid və inam isə beynəlxalq hüquq prinsiplərinə əsaslanır. Biz ümid edirik ki, Rusiya, Fransa və ABŞ kimi böyük dövlətlər özlərinin beynəlxalq nüfuzundan, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri olaraq vasitəçilik missiyasının verdiyi imkanlardan istifadə edərək torpaqlarımızın işğaldan azad olunması üçün ciddi addımlar atacaq. Ancaq ötən ilin yayında 3 həmyerlimizin ata-babalarının məzarlarını ziyarət məqsədilə Kəlbəcərə gedərkən Ermənistanın silahlı qüvvələrinin hücumuna məruz qalması bizim bu inamımızı sarsıdıb. Bu, o hadisədir ki, ötən ilin iyun ayında doğmalarının məzarlarını ziyarət etmək məqsədilə Kəlbəcərə gedən Həsən Həsənov Ermənistan silahlı qüvvələri tərəfindən qətlə yetirilib, Dilqəm Əsgərov və Şahbaz Quliyev isə həbs olunub. Bu hadisədən 10 aydan çox keçməsinə baxmayaraq, Ermənistan dövləti beynəlxalq qanunları və hüquq normalarını pozaraq Dilqəm Əsgərovu və Şahbaz Quliyev hələ də həbsdə saxlayır. Təəssüf ki, nə Sizin dövlətiniz, nə də ATƏT-in Minsk Qrupunun digər həmsədr ölkələri Ermənistanda qanunsuz olaraq girov saxlanılan, qondarma məhkəmə qərarı ilə barələrində “həbs” qərarı çıxarılan soydaşlarımızın azad edilməsi üçün heç bir əməli addım atmayıb.
Cənab Prezident!
Mənim bu müraciətim həm də ATƏT-in Minsk Qrupunun həmsədr dövlətinin başçısı kimi Sizə ünvanlaşdığım bir xəbərdarlıqdır. Nəzərinizə çatdırıram ki, mən bu il yay məzuniyyətimi doğulub boya-başa çatdığım, daimi qeydiyyat ünvanım olan doğma yurdumda - Kəlbəcər rayonunun Başlıbel kəndində keçirmək niyyətindəyəm. Rayonumuzun Ermənistan silahlı qüvvələrinin işğalı altında olduğunu nəzərə alaraq, bunun təhlükəli olduğunu, ötən il Həsən Həsənov, Dilqəm Əsgərov və Şahbaz Quliyevin üzləşdiyi hadisənin mənim də başıma gətirilə biləcəyini başa düşürüəm. Məhz bu təhlükəni nəzərə alaraq əvvəlcədən Sizə müraciət etmək qərarına gəldim. Xahiş edirəm ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi olaraq dövlətiniz adından doğma yurdumu, dünyasını dəyişmiş doğmalarımın məzarlarını ziyarət etmək üçün Kəlbəcər rayonuna planlaşdırdığım səfərim zamanı mənim təhlükəsizliyimə zəmanət istəyəsiniz. Mən isə Kəlbəcərə səfərim müddətində Azərbaycanın dövlət sərhədlərindən bir addım da kənara çıxmayacağımı bəri başdan bəyan edirəm və hansısa ölkənin beynəlxalq hüquq normalarında təsbit edilmiş dövlət sərhədlərini pozmuş olsam, məsuliyyəti öz üzərimə götürürəm .
Cənab Prezident!
Xahiş edirəm, dövlətinizin beynəlxalq aləmdəki təsir imkanlarından və şəxsi nüfuzunuzdan istifadə edərək Azərbaycan torpaqlarının işğaldan azad edilməsi üçün Ermənistan Respublikasına təzyiqləri artırasınız. Nəzərə alın ki, qaçqın və məcburi köçkün şəraitində yaşayan 1 milyondan artıq Azərbaycan vətəndaşının işğal altında qalan doğma torpaqlarını, yaxınlarının məzarlarını sərbəst və təhlükəsiz ziyarət edə bilməsi yalnız Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllindən asılıdır. Odur ki, xahiş edirəm prezidenti olduğunuz dövlətin vasitəçilik missiyasına uyğun olaraq, Ermənistan hökumətini özünün silahlı qüvvələrini Azərbaycanın əzəli torpaqları olan Dağlıq Qarabağdan və ətraf rayonlardan çıxarmalı olduğuna inandırmaq üçün ciddi və təsirli addımlar atasınız. Aprelin 24-də qondarma erməni soyqırımının 100 illik tədbirində iştirak etmək üçün İrəvana planlaşdırılan səfəriniz bunun üçün əla şans ola bilər. Ümid edirəm ki, öz torpağından qovulmuş, doğmaları Ermənistan silahlı qüvvələri tərəfindən qətlə yetirilmiş, əsir və ya girov götürülmüş, məcburi köçkün kimi 22 ildir ağır məhrumiyyətlərə düçar olmuş Azərbaycan vətəndaşının bu xahişinə biganə qalmayacaqsınız. Bu, həm də Sizin və prezidenti olduğunuz dövlətin fundamental hüquq olan öz torpağında azad və sərbəst yaşamaq hüququ pozulmuş xalqların yanında olduğunuzu, Cənubi Qafqazda sülhün və barışığın bərqərar olması üçün səmimi şəkildə səy göstərdiyinizə inamı artırar. Son olaraq ritorik səslənsə belə, gerçək bir suala özünüz üçün də cavab verin: Sizin ölkəniz də daxil olmaqla dünyanın super güclərinin terrorizmə, insan hüquq və azadlıqlarının pozulmasına qarşı birgə mübarizə apardığı müasir dövrdə Azərbaycan vətəndaşlarının öz dövlətinin sərhədləri daxilində başqa bir ölkənin silahlı hücumlarına məruz qalması, qətlə yetirilməsi, əsir və ya girov götürülməsi hansı beynəlxalq hüquqa, hansı insan haqlarına sığır?! Rica edirəm, mənim və 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünlərin bu səmimi hisslərini başa düşməyə, anlamağa çalışın və Ermənistanın Azərbaycana qarşı təcavüzünə son qoyulması üçün əlinizdən gələnləri əsirgəməyin!
Dərin hörmət və ehtiramla,
Salahov Elxan İsa oğlu,
Azərbaycan Respublikasının vətəndaşı,
Kəlbəcər rayon Başlıbel kənd sakini