"Bakı-2017 İslam Həmrəyliyi Oyunları böyük idman uğurları ilə yanaşı, İslam dünyasında həmrəyliyin gücləndirilməsi, xalqlar və dövlətlər arasında dostluq münasibətlərinin daha da inkişaf etdirilməsi istiqamətində mühüm bir addım oldu.
Oyunların keçrildiyi günlərdə Azərbaycan, onun paytaxtı Bakı bütün İslam dünyasının diqqət mərkəzində idi. Azərbaycan bir daha sübut etdi ki, o, müasir dünyəvi bir dövlət olmaqla bərabər, din və vicdan azadlığı bərqərar olan, tolerantlığın, multikulturalizmin yüksək səviyyədə qorunub saxlanıldığı, bu sahədə düyaya nümunə göstəriləcək bir ölkədir".QAZİLƏR.AZ Milli.Az-a istinadən bildirir ki, bunu Milli Məclisin Əmək və Soisal Siyasət komitəsinin sədr müavini, AFFA-nın vitse-prezidenti, Uşaq-Gənclər Futbol Federasiyasının prezidenti Rauf Əliyev deyib.

Millət vəkilinin fikrincə, Bakıda keçirilən Oyunlar uzun müddət yaddaşlarda qalacaq: "Bütün İslam aləminin, eləcə də dünyanın diqqətini özünə cəlb edən IV İslam Həmrəyliyi Oyunları artıq tarixə çevrildi. Mayın 22-də Azərbaycan paytaxtında Bakı Olimpiya Stadionunda Oyunların möhtəşəm bağlanış mərasimi keçirildi. Bağlanış mərasimi də Açılış mərasimi kimi çox möhtəşəm, Azərbaycanın yüksək inkişaf səviyyəsini, İslam dəyərlərini, müasirliyi əks etdirən, yüz milyonlarla tamaşaçı auditoriyasını valeh edən bir beynəlxalq idman tədbiri kimi uzun müddət yaddaşlarda qalacaq. On gün ərzində İslam dünyasını təmsil edən 54 ölkədən 3 minə yaxın idmançı beynəlxalq standartlara cavab verən idman obyektlərində 269 medal dəsti uğrunda yarışdı. Bakı-2017 İslam Həmrəyliyi Oyunları bundan qabaq keçrilmişlərdən bir çox cəhətləri ilə fərqlənərək Oyunların tarixində yeni səhifə açdı. Əvvəlki Oyunlarda iştirakçı dövlətlərin 38 milli yığma komandaları tərəfindən cəmi 956 medal, o cümlədən 291 qızıl, 289 gümüş və 375 bürünc medal qazanılmışdısa, təkcə Bakı-2017 İslam Həmrəyliyi Oyunlarında ümumilikdə 40 yığma komanda tərəfindən 886, o cümlədən 269 qızıl, 267 gümüş və 350 bürünc medal qazanıldı. Bu, yarışların daha gərgin keçdiyinə, komandalar arasında rəqabətin daha yüksək olduğuna əyani sübutdur".