Paşayev Baxşeyiş Xanəhməd oğlu - 1 may 1936-cı ildə Ağdam rayonunun Əhmədavar kəndində dünyaya göz açıb. O, yeddinci sinfi bitirdikdən sonra Ağdam Kənd Təsərrüfatı Texnikumuna daxil olur.
1954-cü ildə texnikumu bitirir və Ağdam Atçılıq Sovxozunda mexanizator işləməyə başlayır. 1965-ci ildən isə o, öz fəaliyyətini sürücü kimi davam etdirir. 1988-ci ildə müharibənin ilk qığılcımları görünürdü. O, Qarabağ müharibəsinin ilk qurbanları olan Əli və Bəxtiyarın ölümündən sonra Xalq hərəkatına qoşulur.Erməni basqınının qarşısının alınmasında böyük rolu olan Baxşeyiş, ayrı-ayrı kəndlərə ərzaq çatdırılmasında, yollar bağlanan zaman isə əhalinin bir yerdən başqa yerə köçürülməsində fəal iştirak edir. O, “Qarabağ müdafiə şahinləri” dəstəsinin ən fəal döyüşçüsü sayılırdı. Xramort kəndinin ermənilərdən təmizlənməsində əsl igidlik göstərir. Döyüşçülər arasında “ağsaqqal” ləqəbi ilə tanınan Baxşeyiş Paşayev mahir atıcı olmaqla, həm də gözəl kəşfiyyatçı idi. Dəfələrlə Fərrux, Aranzəmin, Naxçıvanik, Xanabad kəndlərinə kəşfiyyata getmiş, onun məlumatları əsasında aparılan hücum əməliyyatları uğurla nəticələnir. O, 10 aprel 1992-ci ildə Şuşakənddə ermənilərin çox mühüm döyüş nöqtələrini məhv etmək üçün vertolyotçularımıza bələdçilik edir. Baxşeyiş, Xocalı faciəsi zamanı əhalinin çıxarılmasında böyük fədəkarlıq göstərir.
1992-ci il iyulun 12-də düşmən Xanabad kəndinə hücuma keçdi. Baxşeyişin dəstəsi cavab olaraq, düşmənin 7 postunu ələ keçirdi. Yaraqlılar gözlənilməz hücumun qarşısında aciz qalır. Lakin qəfil düşmən gülləsi ilə xalqımızın igid oğlu Bəxşeyiş Paşayev qəhrəmancasına həlak olur.
Ailəlidir. Doqquz övladı var.
Azərbaycan Resbublikası Prezidentinin 7 dekabr 1992-ci il tarixli 350 saylı fərmanı ilə Paşayev Baxşeyiş Xanəhməd oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.
Ağdam rayonunda Şəhidlər Xiyabanında dəfn edilmişdir.