ADU Xarici Dillər Universitetlərinin Qlobal Alyansına üzv seçilib

ADU Xarici Dillər Universitetlərinin Qlobal Alyansına üzv seçilib backend

Pekində Xarici Dillər Universitetlərinin birinci Qlobal Forumu keçirilib. QAZİLƏR.AZ AZƏRTAC-a istinadən bildirir ki, forumda Xarici Dillər Universitetlərinin Qlobal Alyansı təsis edilib.

Dünyanın 16 ölkəsindən 31 universitetin qatıldığı təsis iclasında aparılan birgə tədqiqatların nəticələri təhlil olunmaqla yeni təhsil modellərinin yaradılacağı və alyansın fəaliyyəti nəticəsində beynəlxalq səviyyədə xarici dillər universitetləri arasında əməkdaşlıq və təcrübə mübadiləsinin inkişaf edəcəyi vurğulanıb.

İclasda Azərbaycan Dillər Universitetini (ADU) təmsil edən professor Əfqan Abdullayev ölkəmizdə ali təhsilin inkişafına dair dövlət strategiyası haqqında məlumat verib, ən müasir beynəlxalq təcrübənin tətbiq olunması hesabına ali təhsil proqramlarının daim inkişaf etdirildiyini bildirib. O, Azərbaycanın belə beynəlxalq alyanslarda fəal iştirakının ölkəmizin ali təhsil ocaqlarının beynəlxalq əlaqələrinin genişlənməsinə öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.

“Dil, sivilizasiya və qlobal idarəetmə” mövzusuna həsr olunan forum çərçivəsində ADU Alyansa üzv seçilib və universiteti təmsil edən professor Ə.Abdullayev bununla bağlı müvafiq sənəd imzalayıb.

Qeyd edək ki, Alyansın yaradılmasında əsas məqsəd beynəlxalq sahədə analitik mübadilə və əməkdaşlıq müqavilələrinin daha da genişləndirilməsi, universitetlər arasında tələbə-müəllim mübadiləsi, birgə elmi-tədqiqat işlərinin aparılması və çoxtərəfli akademik nəşrlərin həyata keçirilməsidir.