İsa Həbibbəyli: “Azərbaycanı sevməyən qüvvələr paxıllıqlarını gizlədə bilmirlər“

İsa Həbibbəyli: “Azərbaycanı sevməyən qüvvələr paxıllıqlarını gizlədə bilmirlər“ backend

“Azərbaycanı sevməyən qüvvələr ilk Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən paxıllıqlarını gizlədə bilmirlər”. Bu barədə Trend-ə Milli Məclisin deputatı İsa Həbibbəyli ilk Avropa Oyunları ərəfəsində Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasına münasibət bildirərkən deyib.

İ.Həbibbəyli vurğulayıb ki, ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ölkəmizin müstəqillik dövründə inkişafının böyük bəhrələrindən biridir: “Azərbaycanın bu möhtəşəm beynəlxalq tədbirə ev sahibliyi etməsi ölkəmizin qüdrətini, inkişafını dünyaya bəyan edən bir hadisədir. Şübhəsiz ki, buna Azərbaycanın dostları sevinir, düşmənləri isə paxıllığını gizlədə bilmir. Mən ilk Avropa Oyunlarına qara yaxan xarici qüvvələri Azərbaycanı, türk dünyasını istəməyən, nailiyyətlərimizə paxıllıq edən və inkişafımızı gözü götürməyən adamların bataqlığının bir nümunəsi hesab edirəm”.

O bildirib ki, Azərbaycan artıq neçənci dəfədir ki, böyük beynəlxalq tədbirlərə ev sahibliyi edir: “Azərbaycan hər il çoxlu sayda insanların iştirak etdiyi humanitar forum, mədəniyyətlərarası dialoq, dinlərarası dialoq kimi böyük tədbirlər keçirir. İndiyə qədər ölkəmizdə böyük beynəlxalq idman tədbirləri, “Eurovision-2012” kimi möhtəşəm mahnı müsabiqəsi uğurla keçirilib. Azərbaycanın artıq beynəlxalq tədbirlər keçirməkdə böyük təcrübəsi var. Ona görə də hesab edirəm ki, sağlam qüvvələr bu cür qarayaxmalara inanmırlar, onların məkrli niyyətdən irəli gəldiyini, paxıllıqdan doğduğunu bilirlər, Azərbaycan xalqı isə ilk Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyur”.

İ.Həbibbəyli ölkə daxilində bəzi şəxslərin xarici qüvvələrin dəyirmanına su tökməsindən təəssüfləndiyini bildirib: “Təəssüf ki, içimizdəki bəzi antimilli insanlar Azərbaycanı sevməyən qüvvələrə xidmət edir. Görünür, bu insanlar üçün şəxsi maraqlar ən öndə duran məsələdir”.
Diaspora