Ləğv edilən Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin sabiq rəisi, general-mayor Elçin Quliyev və həmin mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə dövlət büdcəsindən mənimsənilən məbləğlərlə bağlı bəzi məqamlar məlum olub.
Lent.az-ın adı çəkilən şəxslərin barəsində olan cinayət işinin ittiham aktına istinadən məlumatına görə, onlar agentlərə verilməsi adı ilə mənimsənilən 7,6 milyon manat, 1,8 milyon dollar və 407 min avronun kassadan necə çıxarılmasından danışıblar.İstintaqda şahid qismində dindirilən Elmar Mehdiyev bildirib ki, keçmiş MTN-in Maliyyə idarəsinin Xüsusi xərclər şöbəsinin rəisi işləyib. Hazırda isə DTX-nın Maliyyə idarəsinin Xüsusi xərclər şöbəsinin rəisi vəzifəsində çalışır: "MTN-də əməliyyat-axtarış fəaliyyətinin təminatı üçün nazirliyin Maliyyə İdarəsinin kassasından böyük məbləğdə pullar əməliyyat strukturlarının rəhbərləri tərəfindən tərtib edilib, raportlarla verilib. Həmin raportlar da Eldar Mahmudov və yaxud onun vəzifələrini icra edən şəxsin göstərişi ilə həyata keçirilib. Həmçinin həmin şəxslərin göstərişi ilə tərtib edilmiş raportlarda imzası ilə əksini tapıb.Həmin raportlar Maliyyə İdarəsinə icra edilməsi üçün yönəldilib. Kassa məxaric orderi hazırlanaraq ödəniş üçün Maliyyə İdarəsinin xəzinəsinə təqdim edilirdi. Maliyyə İdarəsinin xəzinədarı tərəfindən həmin sənəd üzrə ödəniş aparılırdı. Məbləğ ancaq raportda adı qeyd edilən nazirliyin əməkdaşlarına təqdim edilirdi”.
DTX əməkdaşı ifadəsində bildirib ki, pulu alan əməkdaşın adı, soyadı və atasının adı bir qayda olaraq ya pulun alınması barədə raportun özündə və yaxud da vəsatəti qaldıran əməliyyat strukturunun rəhbəri tərəfindən Maliyyə İdarəsinə verilmiş vəkalətnamələrdə öz əksini tapıb: “Həmin raportlar xəzinəyə təqdim edilmirdi və rəhbəri olduğu şöbədə müvafiq işlərə tikilir. Cəmi 7 milyon 629 min manat, 1 milyon 834 min dollar və 407 min avro məbləğində pul əskinaslarının kassadan götürülməsi barədə kassa məxaric orderlərə və raportlara baxaraq təsdiq edib ki, bu məbləğlər nağd qaydada Maliyyə İdarəsindən verilib. Pulların hara xərclənməsi haqda heç bir məlumatım yoxdur, çünki həmin vəsaitlərin hara xərclənməsinə və ya kiməsə verilməsinə raportlarda adı yazılan əməkdaşlar cavabdehlik daşıyırlar”.
Bu iş üzrə şahid qismində keçiş MTN-in Maliyyə İdarəsinin rəisi vəzifəsində çalışmış və hazırda DTX-nın Maliyyə İdarəsinin rəisi olan Rəşad Hüseynov da dindirilib. O, istintaqa verdiyi ifadəsində bildirib ki, MTN-də bir qayda olaraq əməliyyat-axtarış fəaliyyətinin təminatı üçün böyük məbləğdə pul vəsaitləri əməliyyat strukturlarının rəhbərləri tərəfindən tərtib edilib, raportlarda sabiq nazir Eldar Mahmudov və yaxud onun vəzifələrini icra edən şəxsin pulun ödənilməsi ilə bağlı göstərişinə əsasən həyata keçirilib: “Həmin şəxslərin göstərişi tərtib edilmiş raportlarda imzası ilə əksini tapırdı. Həmin raportlar Maliyyə idarəsinə daxil olduqdan sonra icraçıya icra edilməsi üçün yönəldilirdi”.
R.Hüseynov ifadəsində istintaqın qeyd etdiyi məbləğdə pulun Maliyyə İdarəsinin kassasından E.Quliyevin imzası əks olunmuş raportlar əsasında həmin idarənin müxtəlif əməkdaşları tərəfindən nağd şəkildə götürüldüyünü təsdiqləyib: “Amma pulların hara və kimə xərclənməsi barədə məlumatım yoxdur”.
Hazırda DTX-nın Maliyyə İdarəsinin mütəxəssisi, xəzinədarı Nailə Ağayeva ifadəsində bildirib ki, ləğv edilmiş MTN-də xəzinədar kimi vəzifəsi daxil edilmiş mədaxil qəbzləri əsasında xəzinəyə pul vəsaiti qəbul etmək və məxaric qəbzləri əsasında xəzinədən pul vəsaitini ödəmək olub. N.Ağayeva da digər DTX əməkdaşaları kimi ləğv edilmiş MTN-in Maliyyə idarəsinin kassasından general E.Quliyevin imzası əks olunmuş raportlar əsasında qeyd edilən məbləğdə pulların nağd şəkildə verilməsini təsdiq edib.