Paytaxt rayonlarında Qələbənin 72-ci ildönümü qeyd olunub

Paytaxt rayonlarında Qələbənin 72-ci ildönümü qeyd olunub backend

Yasamal rayon İcra Hakimiyyəti Dövlət Gömrük Komitəsi ilə birlikdə 1941-1945-ci illər müharibəsində Qələbənin 72 illik yubileyi münasibətilə bir qrup Böyük Vətən Müharibəsi veteranı ilə görüş keçirib.


Tədbiri giriş sözü ilə Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev açaraq veteranları 9 may - Qələbə bayramı münasibətilə təbrik edib, ölkə Prezidenti İlham Əliyevin veteranlara göstərdiyi qayğı, ölkəmizdə aparılan quruculuq və inkişafdan danışib. Qeyd olunub ki, müharibənin əvvəlindən sonunadək fəal iştirak etmiş 700 min həmvətənimizdən təqribən 300 mini döyüş meydanlarında həlak olub, 170 mindən artıq soydaşımız müxtəlif orden və medallara layiq görülüb.

Dövlət Gömrük Komitəsinin İdarə rəisi, general-mayor Güloğlan Muradlı Qələbə Günü münasibətilə Dövlər Gömrük Komitəsi sədrinin təbrik məktubu oxunub.

Böyük Vətən Müharibəsi iştirakçıları Damət Nəbiyev, rayon Müharibə və Əmək Veteranları Təşkilatının sədri Almaz Qasımova çıxış edərək onların sosial problemlərinin həlli sahəsində göstərilən qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Sonra veteranlara ərzaq yardımı paylanılıb və xatirə şəkilləri çəkilib.

X X X

Keşlə qəsəbəsində 1941-1945-ci illərdə həlak olanların xatirəsinə ucaldılan memorial kompleks önündə faşizm üzərində Qələbənin 72 illiyi ilə əlaqədar tədbir keçirilib.

“Şahinlər” hərbi idman oyunlarının qalibi olan məktəblilərin təntənəli keçidindən sonra tədbir iştirakçıları və qonaqlar İkinci dünya müharibəsində həlak olanların xatirəsinə ucaldılan memorial kompleksinin önünə gül dəstələri qoyublar. Sonra tədbir Nizami Rayon Mədəniyyət Mərkəzinin 227 nömrəli məktəbin şagirdləri ilə birgə hazırladığı bədii kompozisiya ilə davam etdirilib.

Tədbirdə müharibə iştirakçıları və veteranları ilə görüşən rayon icra hakimiyyətinin başçısı Arif Qasımov və Milli Məclisin deputatı Sədaqət Vəliyeva XX əsrdə bəşəriyyət üçün ən ağır və dəhşətli dövr olan İkinci Dünya müharibəsində faşizm üzərində qazanılmış qələbənin 72 illiyi münasibətilə onları təbrik ediblər.

Faşizmə qarşı mübarizədə həmyerlilərimizin döyüş meydanları və partizan hərəkatında göstərdikləri qəhrəmanlıq və igidlik nümunələrindən söhbət açılıb. Müharibə illərində Azərbaycanın ən qüdrətli cəbbəxana funksiyası daşıdığını, döyüşən orduya lazım olan neft və neft məhsullarının 80 faizindən çoxunun Bakı neftçilərinin istehsal etdiyi söylənilib.

Çıxış edənlər Böyük Vətən müharibəsi i veteranlarının sosial müdafiəsinin gücləndirilməsi sahəsində atılan addımları bəyəndiklərini bildiriblər.

X X X

1941-1945-ci illər müharibəsində qələbənin 72-ci ildönümü Suraxanı rayonunda geniş qeyd olunub. Ümumrayon tədbirində iştirakçılar əvvəlcə Hövsan qəsəbəsində yerləşən əsaslı təmir edilmiş “1941-1945” abidə kompleksinin qarşısına gül-çiçək dəstələri düzüblər.

Qələbə günü münasibətilə veteranları və tədbir iştirakçılarını təbrik edən rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov 1941-1945-ci illərdə Azərbaycan əsgərlərinin Qafqazdan Berlinə qədər uzanan döyüş yolundan və arxa cəbhədə göstərilən fədakarlıq nümunəsindən danışıb. Qeyd olunub ki, həmin illərdə respublikamızda 75 milyon ton neft çıxarılıb, 22 milyon ton benzin və başqa neft məhsulları istehsal edilərək cəbhəyə yola salınıb. Həmin illərdə Suraxanı neftçilərinin də böyük əməyi olub. Rayonunda 13 nəfər müharibə iştirakçısı, 22 nəfər arxa cəbhədə fədakar əməyə görə orden və medallarla təltif olunub, 184 nəfər həlak olmuş və ya vəfat etmiş müharibə iştirakçılarının dul qadınları yaşayır.

Tədbirdə Milli Məclisin deputatı Sevinc Fətəliyeva, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov çıxış ediblər. 118 nömrəli tam orta məktəb şagirdlərinin hazırladığı kompozisiya nümayiş olunub.

Sonra iştirakçılar Qaraçuxur qəsəbəsində yerləşən “Vətən şəhidləri unudulmur” abidəsinin önünə gül qoyublar və tədbir “Aura” şadlıq sarayında davam etdirilib.

X X X

Binəqədi rayonunda 1941-1945-ci illər Böyük Vətən müharibəsində alman faşizmi üzərində Qələbənin 72 illiyi münasibətilə tədbir keçirilib.

Çay süfrəsi ətrafında təşkil olunan tədbirdə rayon icra hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov ikinci dünya müharibəsində alman faşizmi üzərində Qələbənin əldə olunmasında Azərbaycan xalqının göstərdiyi rəşadət, ön və arxa cəbhədəki qəhrəmanlıq və şücaətdən bəhs edib.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon İdarəsinin rəisi Novruz Rəhimov, Rayon Ağsaqqallar Şurasının sədri Akif Rəfiyev, İctimai Şuranın sədri Aslan Mehdiyev, Yeni Azərbaycan Partiyası rayon təşkilatının sədri Ramiz Göyüşov son illər ölkəmizdə əhalinin, xüsusilə də, müharibə veteranlarının sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində mühüm tədbirlərin həyata keçirildiyini, xüsusi qayğıya ehtiyacı olanların dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu diqqətə çatdırıblar.

Tədbirdə iştirak edən Binəqədi rayonunda yaşayan Böyük Vətən Müharibəsi iştirakçıları onlara göstərilən diqqət və qayğı üçün ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.