IV İslam Həmrəyliyi Oyunlarında iştirak edən atletlərin daşınması üçün ayrılan nəqliyyat vasitələrini idarə edən sürücülərlə görüş keçirilib.
BNA-dan Lent.az-a verilən məlumata görə, görüşdə Daxili İşlər Nazirliyi Baş DYP İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov Oyunların nəqliyyat əməliyyatlarına cəlb edilən sürücülərə yol hərəkəti qaydalarına əməl etmələri barədə tövsiyələrini verib. İdarə rəisi yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsində sürücülərin üzərinə daha böyük məsuliyyət düşdüyünü xatırladıb.
R.Zeynalov diqqətə çatdırıb ki, bu işdə yol-patrul xidmətinin əməkdaşları sürücülərə dəstək olacaq. Yol hərəkətinin təhlükəsizliyi və yüksək səviyyəli nümayəndə heyətlərinin müşayiəti üzrə qarşıda duran vəzifələr yol-patrul xidmətinin 1200 əməkdaşı tərəfindən xüsusi təyinatlı 400 avtomobillə təmin ediləcək.
Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimli qeyd edib ki, qarşıdakı günlərdə atletlər və onların məşqçilərinə göstəriləcək nəqliyyat xidmətlərinin keyfiyyətinin məhz yüzlərlə sürücü arasından seçilmiş bu şəxslərin peşəkar fəaliyyətindən asılıdır: “Peşəkar bacarıqlarla yanaşı, qarşıya qoyulan tapşırıqların layiqincə yerinə yetirilməsi baxımından vacib olan digər bir önəmli məqam yüksək vətənpərvərlik hisslərimizdir. Bu gün tutduğumuz vəzifədən asılı olmayaraq hər birimiz IV İslam Həmrəyliyi oyunlarının bir parçasıyıq və bu bir dəyərdir. Düşünürəm ki, Oyunların bir parçası olmaq böyük qürurdur”.
IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin nəqliyyat şöbəsinin rəhbəri Vüsal Rəcəbli də müvafiq dövlət qurumlarının koordinasiyalı fəaliyyəti sayəsində paytaxtın nəqliyyat sisteminin də artıq “Bakı-2017” üçün tam hazır vəziyyətə gətirildiyini bildirib.
Görüşdə atletlərin daşınması zamanı ortaya çıxa biləcək maneələrin dərhal aradan qaldırılması ilə bağlı müvafiq göstərişlər verilib.