Ədəbiyyat fakültəsinin ikinci kursunda oxuyurdum. Mühazirələrin birində il boyunca dərsdən başqa heç nə danışmayan Arzu adlı yoldaşımın əlində bir şeir kitabı gördüm. Daha doğrusu gizlicə oxuduğu bir səhifəyə gözüm sataşdı:
Günahkarsan deyən görmür,Heç özünün günahını,
Bir dərvişəm çəkim gərək,
Mən yüzünün günahını...
Aha, deyəsən axtardığımı tapmışdım. Yadımdadır, müəlliməm iki xəbərdarlıqdan sonra məni dərsdən çıxarmışdı, mən də sevinə-sevinə qaraqabaq Arzudan kitabı alıb çıxmışdım koridora. Elə oradaca su kimi içmişdim.
“...Sən mənim ən həzin, kədərli nəğməm,
Sən mənim EŞQ adlı dəliliyimsən!”
Allah, bu mən idim, mənim duyğularım, düşüncələrim idi. Mən axı onları hamıdan gizləmişdim, necə olmuşdu ki, başqası dilinə gətirmişdi?!
Sevincimdən uçurdum. O günə qədər beynimdəki bütün qarışıqlıqlara güzgü tutmuşdu bu adam. Ruhum aydınlanmışdı, özümü görmüşdüm.
Mən Behrudini oxuyurdum!
Hər səhifəsində dəlilik dolu misralar, hər kəlməsində Tanrıya tapınaqlıq vardı. Əlimi-qolumu qoymağa yer tapmırdım. Ruhum məndən çıxmağa can atırdı, ürəyim yerindən oynayırdı. Şairimi tapmışdım...
Ömrü olalı ədəbiyyat eşq ilə çırpınan bir adam üçün bu nəfəs almağa bənzəyirdi və mən artıq havamı haradan udacağımı bilirdim.
- SÖZ-başdaşım, səndən mənə məzar olmaz, çıxım gedim,
Mən RUHUMUN tabutuna, gedim özgə məzar qazım...
Beləcə düşdüm Behrudinin izinə. Əvvəl “Dar ağacı”na salam verdim. Bu adi salam deyildi, mən dar ağacında ölümün gözünün içinə dimdik baxan adamın qarşısında diz çökmüşdüm. “Ürəyinin qanında boğulan Tanrı”dan hesab soruşmaq istəyirdim, dartıb dərdin yaxasını cırmaq istəyirdim. Mən “üzü Qurda namaz qılan” adamı tənhalığın, yalnızlığın əlindən çəkib almaq istəyirdim. “Hər gecə yuxularına sevgili bir yurd” girən şairin yurduna müsafir olmaq, başdaşından gözəl olan çiçəyi əllərimlə dərmək istəyirdim.
Tanıdım onu. Turan elinin böyük şairi, şaman adam Behrudini kəşf elədikcə Tanrı dağlarından bir qurdun yüksəldiyinə şahid oldum. Viran qalmış yurda uladıqca uladı, zaman keçdikcə qurd oranı yurd elədi. “Daş yerində ağır” oldu Ötükəndə...
Mən onu tanıdıqca şeirin şairdən böyük olduğunu gördüm.
Şairini aşan şeirlər məni SÖZün səcdəsinə endirdi. Həlimət Sultanın dilindən eşitdim, Məleykə Alıoğlunun ifasında beynimə qazıdım, Araz Elsəsin sazıyla dara çəkildim, Şəmistan Əlizamanlının marşını dinlədim. Hərəsində Behrudi misraları bir ayrı coşdurdu, hərəsində bir ayrı Behrudi vardı.
Onun misralarında da mən vardım!
İllərdir beləcə dəliliyimi ifadə eləyən kəlmələrini beynimə, qanıma hopdurdum. Mən sevdim bu şairi. Oxuduqca bu adamın Tanrıdan bir parça olduğunu gördüm.
İnsana dönməmişdi hələ...
Bu günsə mənim şairimin doğum günüdür.
Dəlicəsinə təbrik cümlələri var beynimdə, bu köşədən sonra ona zəng vurub deyəcəyəm. Bilirəm, o məni anlayacaq. Mən ona deyəcəyəm ki...
Deyəcəyəm ki, sən seviləsi adam deyilsən, Rüstəm Əfəndi!
Sən öldürüləsi, tikə-tikə doğranası, dar ağacından ilgəyə vurulası, sonra da...
sonra da səcdəsinə durulası adamsan!
“Tanrı dağlarında göy türk çadırlarına qar yağır” şair. Dənəsi saçlarına qonub. Əriyən damcıları misralarından keçir.
Gəl, mavi işıqtək ələn başımdan,
Gəl, çıx uğuruma qaba ağactək.
Məni bu yuxudan alıb getməyə
Qaraquş oyunlu boz atlar gərək.
Məni bu yuxudan alıb getməyə
Qaraquş oyunlu boz atlar üstə
Gözündən od yağan övladlar gərək...
Sən o yuxudan ayılma, şair. “Bir məktub yaz son dəfə” amma o son indi olmasın. Qos-qoca Turan elinin şaman dualarına hələ çox ehtiyacı var. Qələmin iti, ürəyin qüvvətli, ruhun səmalarda olsun.
Unutma, azadlıq mücahidləri tək doğar, yalqız ölərlər. Nədən, bilirsənmi? Onun olduğu yerdə, “Tanrıyla bəndə arasında” bir dua kimi yüksəlməyə sıradan adamların gücü çatmaz, çünki. “O çiçək o daşın qəlbi” olduğunu bilməz, heç vaxt...
Şair yuxusuna gül-çiçək girər,
enər yuxusuna göydən mələklər.
Yuxumda nə gördüm?!
Onun əlindən.
Nə çəkdim…
İlahi! Bilməyəcəklər...
Bilməyəcəklər şair, bilməyəcəklər ki, Günəş Tanrı dağından doğar!
Bilməyəcəklər ki, bir şeir misrasının gözündən axan yaşlar şairin ürəyinin qanından keçər!
Bir gün həsrətini çəkdiyin Tanrı dağlarında görüşmək diləyilə, Rüstəm Behrudi!
Sən yaşa, var ol! Ol ki, SÖZ sənin çiynindən yüksəlib boyunu aşsın, Vətənin səmalarında qanad çırpsın.
Sən var ol ki, mənim kimi dəli adamların ruhu yetimləşməsin, alçaq vicdanlardan Dar ağacları boy göstərməsin, daş çiçəyə qəlbini aça bilsin...
Turan şamansız qalmasın...
Və sən yaşa ki, bir olaq, ellik olaq!
Deyək ki...
...Qarşı yatan qara dağı-yaylağım,
Düzənləri, ormanları-oylağım.
Əyilməyən çinarları-bayrağım, -
Vətən!
Bax, gör, sevgim təzədimi, tərdimi?
Hər doğulan oğuldumu, ərdimi?
Daşlarına yazdım min il dərdimi-Vətən!
Ağ alnıma Araz qara yazıdı,
Varaq, yol uzaqdı - qar ayazıdı,
Kərkükdü, Göyçədi, Qarayazıdı-Vətən!
Hər ağrılar, hər acılar ötəndi,
Əl uzatsam, Ərzuruma yetəndi;
…Füzulinin məzarı da Vətəndi -Vətən!
Mənə üz tut-yurda ocaq qurana,
“Turan”- deyib Boz qurd kimi durana.
Sonun yoxdu, çevrilməsən Turana, Vətən!
Mənim andım “Ya bütövlük,ya qandı”,
Zalım dostlar, qəbul edin bu andı.
Qara başım bu yol üstə qurbandı,-Vətən!