Xaçmazda aprel döyüşlərinin iştirakçısı, Talış kəndi ətrafındakı yüksəkliklərin azad olunmasında şücaət göstərmiş, şəhid Yüzbəyov Əmrah Aydın oğlunun xatirəsi əbədiləşdirilib.
AZƏRTAC xəbər verir ki, mayın 4-də Əmrah Yüzbəyovun doğulub boya-başa çatdığı Hacıməmmədoba kəndində şəhidin adının əbədiləşdirilməsi üçün inşa olunan xatirə bulağı istifadəyə verilib.Mərasim iştirakçıları əvvəlcə şəhidin kənd qəbiristanlığındakı məzarını ziyarət edib, xatirəsini ehtiramla anıblar.
Xatirə bulağının açılışında çıxış edənlər Əmrah Yüzbəyovun şərəfli ömür yolundan danışıb, torpaqlarımızın azadlığı uğrunda şəhid olan qəhrəman Vətən oğullarının xalqımızın qəlbində daim yaşayacaqlarını bildiriblər.
Şəhidin atası Aydın Yüzbəyov torpaqlarımızın azadlığı uğrunda canından keçən oğlu ilə fəxr etdiyini, övladının qisasının döyüş yoldaşları tərəfindən alınacağına əminliyini ifadə edib.

Çıxışlarda xaçmazlıların işğal altındakı torpaqlarımızı azad etmək üçün Ali Baş Komandanın əmrinə hər an hazır olduqları bildirilib.
Ə.Yüzbəyov 1997-ci ildə Xaçmaz rayonunun Hacıməmmədoba kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra təhsilini Sumqayıt şəhərində kollecdə davam etdirib. 2015-ci ildə hərbi xidmətə yollanıb. 2016-cı ilin aprel ayında erməni işğalçılarının hücumunu dəf edilməsində və Talış kəndi ətrafındakı yüksəkliklərin düşməndən azad olunmasında iştirak edib.

Azərbaycan Ordusunun hərbi qulluqçusu Yüzbəyov Əmrah Aydın oğlu 2016-cı il mayın 3-də erməni silahlı qüvvələrinin təxribatlarının qarşısını alarkən şəhid olub.
