Rus TV-lərinin evimizin içində anti-türk və ermənipərəst təbliğatı...

Rus TV-lərinin evimizin içində anti-türk və ermənipərəst təbliğatı... backend

Bir neçə gün əvvəl Rusiyanın məşhur TNT və TNT4 kanallarının yayımı Azərbaycanda məhdudlaşdırıldı.

Baku.ws xəbər verir ki, hər iki kanal 25 aprel tarixinə qədər KATV kabel televiziyasının yayımından çıxarılıb. Sözügedən kanalların yerinə türk kanalları daxil edilib. KATV-nin müştəri xidmətlərindən sayta bildirilib ki, kanalların yayımını dayandırılıması 24 aprel ermənilərin qondarma “soyqırım günü” ilə əlaqədardır. Belə ki, sözügedən kanallarda "soyqırım" ilə bağlı verilişlərin yayımlanması və təbliğatı səbəbi ilə KATV həmin kanalların 25 aprel tarixinə qədər yayımını məhdudlaşdırıldı.

Milli teleauditoriyamızdan bəlli oldu ki, təkcə KATV deyil, ATV+ və digər Azərbaycan kabel-telekanalları da bu rus kanallarının yayımını müvəqqəti dayandırıb.

KİV-lərin yazdığına görə, TNT, TNT-4 telekanalları “Qazprom media” holdinqinə daxildirlər. Bu media kompaniyası nəinki Rusiyada, bütün Şərqi Avropada aparıcı hesab edilir. Hər iki telekanal “Qazprom –Media. Əyləncəli televiziya” subholdinqinin tərkibinə daxildir. Göstərilən subholdinqin baş direktoru Artur Canibekyandır. “Qazprom-media” Holdinqi Rusiyanın 6 telekanalını idarə edir. Buraya tanınmışlardan NTV, “Pyatnitsa!”, TV-3 və Matç.tv daxildir. Bundan əlavə, holdinq həmçinin NTV+ kanalının peyk operatorudur, tematik telekanalların istehsalı və yayımı ilə məşğuldur və 10 radiostansiyanın sahibidir və s.

Bizə nifrət edəni tanıyaq: DIĞACIQ ARTUR CANİBEKYAN


Artur Canibekyan hal-hazırda Rusiya milyonçuları sırasındadır. Azərbaycanlı milyonçulardan fərqli olaraq o, bir erməni milyonçusu kimi hər vəchlə erməniləri dünyada qədim və mədəni bir millət kimi tanıdılmasında xüsusi rol oynamağa çalışır. Məsələn o, Vikipediyada ermənilərin birləşdiyi rusdilli, fransızdilli və ispandilli qrupları maliyyələşdirməkdədir. Erməni internet-forumlarından bəlli olur ki, Canibekyan erməni Vikipediya başçılarının internet konfransında bu yaxınlarda maraqlı bir təklif verib. Onun təklifinə görə, Vikipediyada tarix, mədəniyyət və siyasət sahələri üzrə Şimali Azərbaycan və Cənubi Azərbaycan, Türkiyə, Özbək və Tatar dillərində qrupların yaradılması perspektivlidir. Ermənilərə sərf edən məlumatların bundan sonra artıq sadalanmış türk dillərində də Vikipediyada yerləşdirilməsi planlaşdırılır. Canibekyan bildirmişdir ki, ermənilərin ingilis, fransız, ispan, alman və italyan dilli Vikipediya qrupları artıq yetərincə nailiyyətlər əldə etmiş və bu dillər sahəsində onlara nə Türkiyə, nə də Azərbaycan türkləri tərəfindən rəqib Vikipediyada yoxdur.

O, Avropa və ABŞ-da yaşamış erməni alim və sənətkarlarının adının əbədiləşdirilməsi sahəsində də işlər aparır. Məsələn, Canibekyan Kaliforniyanın (ABŞ) Fresno şəhərində erməni yazıçısı V.Saroyanın malikanəsinin ev-muzeyə çevrilməsi üçün rekonstruksiya işlərini boynuna götürmüşdür. Erməni kilsəsinin nəzdində erməni dilində dini kitabların bərpası və yenidən çapı sahəsində xidmətlərinə görə 2010-cu ildə Eçmiadzinin yüksək ordenini almışdır. “Soyqırım”ın tanıdılması yönündə təbliğat və təşviqat işlərinə ayrıca maliyyə ayırmaqdadır. Dağlıq Qarabağ ərazisinə turistləri və dünyanın tanınmış adamlarının gətirilməsi, Qarbağın “qədim erməni torpağı” kimi tanıdılması üçün gördüyü işlərə görə 2016-cı ildə “ermənistanın” “vətən qarşısında xidmətlərə görə 1-ci dərəcəli medal”ını almışdır.

Canibekyan “Böyük Ermənistan”, “soyqırım dəhşətləri”, “Artsax qədim erməni torpağıdır” istiqamətləri üzrə işləri maliyyələşdirən “Mədəni İntibah” fondunun təsisçisidir. Onun təşəbbüsü və maliyyəsi ilə armenianmusic.am saytı yaradılmışdır ki, bu da əslində müxtəlif dilli erməni portalıdır. Portalda 600-dək xalq musiqisi “qədim erməni mahnıları” adı ilə dünyaya tanıdılır. Mahnıların böyük bir qismi əslində Azərbaycan xalq mahnılarıdır. Aydın məsələdir ki, erməni millətçisi olaraq Canibekyan milyonlarını öz millətinin mənafeyi istiqamətində xərcləməkdədir. Bizdə isə, milyonçularımız nadir hallarda milli mənafelər üçün pullarını xərcləyirlər.

Bundan əlavə, Holdinqin rəhbəri Artur Canibekyanın və digər ermənilərin iştirakı ilə mahiyyətində açıq və ya üstüörtülü şəkildə erməniləri tərifləyən, mədh edən Azərbaycanlılar və türklər barədə yalan və nifrət doğuran tele və kino layihələr yaradılmaqdadır.



Məsələn, 1987-1988-ci illər arasında hadisələri əks etdirən “Şəhər” serailında Bakıda erməni və rusların necə öldürülməsi, qovulmasından uydurmalar yayımlanır, “Bayazit” filmində azərbaycanlılar və türklər rusların və ermənilərin düşməni olan vəhşilər, azərbaycanlı general Naxçivanski qorxaq, ruslara xəyanətə meyilli satqın kimi təsvir edilir, “Zəlzələ” filmində Qarabağdan qovulmuş ermənilərin “əzabları”, yeni ekranlara çıxmış “Müdafiəçilər” fantastic filmində nəinki İrəvan və Göyçənin, hətta “Asiyadan gələn işğalçıların tutduğu digər torpaqların” ermənilərə məxsus olduğu tamaşaçılara təlqin edir.

Sözsüz ki, A.Canibekyanın və digər ermənilərin birbaşa müdaxiləsi və iştirakı ilə Rusiya telekanallarında Azərbaycanlı və türklər əleyhinə nifrət təbliğ edən, yalan informasiya yayımlayan verilişlər və aparıcılar üstünlük təşkil edir. Kütlə ilə işin mahir biliciləri kimi, hətta yumoristik və satirik verilişlər də Rusiya telekanallarında yerləşdirilir.

Az qala, biabır olacaqdıq...

2015-ci ilin yazında, daha dəqiq mayın 10-da isə, hətta Artur Canibekyanın layihəsi olan “Comedy Woman” yumoristik şounun truppası Bakıda tamaşa verməyi planlaşdırırdı. Qeyd edək ki, erməni truppası “Comedy Woman”-ın Bakı konsertinin keçirilməsinə “Planeta Parni iz Baku” teatrının rəhbəri Tahir İmanov etiraz etmişdi. T.İmanov bildirmişdi ki, “Comedy Woman” erməni layihəsidir, ona ermənilər rəhbərlik edir.

“Mən artıq bildirdim ki, onlar ermənidirlər və burada artıq məntiqlə düşünmək lazımdır. Sadə məntiq budur: burada pullar qazanılır, sonra Ermənistana göndərilir, bu pullara isə azərbaycanlı əsgərlərə atılacaq güllələr alınacaq. Xaricdə pul qazanan hər bir erməni istədi-istəmədi vətənə pul göndərir.

Bizim 20% torpağımız elə həmin ermənilər tərəfindən işğal edilib. Niyə hamı susur? Hamı haradadır?Mən başa düşə bilmirəm niyə insanlar bu konsertlərə bilet alırlar? Onlar nə vaxt ayılacaqlar? Bizdə əsl müharibə gedir”, - Tahir İmanov bildirmişdi.

Öz növbəmizdə qeyd edək ki, “Comedy Woman”ın rəhbəri olan Nataliya Yeprikyan “Comedy Club Production”ın qrupuna daxildir. Rusiyanın “Comedy Club”u 2003-cü ildə yaradılıb, bura Artur Canibekyan, Artak Qasparyan, Artur Tumasyan, Artaşes Sarkisyan, Qarik Martirosyan və bir çox başqalarının oynadığı “Noviye Armyane” ŞHK komandası daxildir...

Bu erməni truppasını Bakıya dəvət edən 33 Event şirkəti idi. Amma bu şirkətin savadlı, ağıllı-kamallı, vətənpərvər başbilənləri ziyalıların təpkisini görüb “Comedy Woman”-ın Bakı konsertinə aid bütün afişaları öz Facebook səhifəsindən yığışdırmışdı.

Bu anti-türkçünün, anti-azərbaycançının, daşnak xislətli erməninin rəhbərlik etdiyi telekanalların Azərbaycanda yayımlanmasını anlamaq mümkün deyil.

Latviya və Litva Rusiya telekanallarını milli dalğalarında qadağan edir, Ukrayna kimi bir dövlət özünə qarşı təbliğat aparan Rusiya telekanallarını nəinki dövlət teleyayımı vasitəsilə, həmçinin kabel teleyayımı ilə yasaq etmişdir.

2015-ci ildə Rusiya telekannallarının Litvanın kabel yayımında yasaq edilməsi üçün əsas RTR telekanalında “Vladimir Solovyovla bazar axşamı” verilişi oldu. 29 noyabr tarixli verilişdəki fikirlər Baltikyanı ölkələrə qarşı nifrət təbliğatı kimi qiymətləndirildi. Amma bununla yanaşı Ukrayna, Türkiyə və Latviya ilə bağlı aşkar yalan və nifrətin təbliği yasaq üçün əsas oldu.

Evimizdə beynimizi tovlayan erməni təbliğatı

Bizdə isə kabel telekanalları Artur Canibekyanın rəhbərlik etdiyi və gün ərzində 24 saat ermənipərəst və antitürk təbliğatını aparan telekanalların yayımını sərbəst buraxıb. Ancaq 24 apreldə bu erməni telekanallarını kəsməyə cürətimiz çatır. Bəs, qalan günlər, həftələr, aylar, illər?

Mənim bir rəfiqəmin məktəbli övladı valideynlərindən soruşmaqdadır ki, həqiqətənmi, ermənilər qədim və mədəni millətdirlər, həqiqətənmi, “erməni soyqırımı” olub, həqiqətənmi, “Qarabağ” ermənilərindir... Valideynləri sözsüz ki, bunların belə olmadığını bildirib. Onda uşaq soruşub, bəs, onda niyə rus telekanalları, filmləri bunları bildirir?

Deməli, elə çıxır ki, biz dünyada Azərbaycan həqiqətlərini yaymağa çalışdığımız bir zamanda, bizim evimizin içində, uşaqlarımızın beynində artıq erməni təbliğatı qələbə çalır? Bu telekanalların kabel yayımı vasitəsilə yayımlanması kimə xeyirdir - bizə, ya ermənilərə?

Sevda Elay (Əsgərova)
Diaspora