Azərbaycan əhalisi niyə qocalır?

Azərbaycan əhalisi niyə qocalır? backend

Nazir müavini: "Azərbaycanda əhalinin yaşlaşması prosesi müşahidə olunur"

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Avropa İttifaqının “Ahılların sosial müdafiəsi” TAİEX proqramı çərçivəsində Azərbaycanda ahıllar üçün sosial xidmətlərin mövcud vəziyyətinin qiymətləndirilməsi və bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə seminar öz işinə başlayıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, tədbirdə hökumət və qeyri-hökumət qurumlarının, Avropa İttifaqının üzvü olan ayrı-ayrı ölkələrin ekspertləri iştirak edib.

Seminarı giriş sözü ilə açan əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev ahılların sosial hüquqlarının müdafiəsinin bütün ölkələrin hökumətləri üçün vacib məsələlərdən biri olduğunu vurğulayıb.

“BMT-nin araşdırmasına əsasən, hazırda dünyada hər 10 nəfərdən biri 60 və ya daha yuxarı yaş qrupuna daxildir. 2050-ci ilin sonunadək hər 5 nəfərdən biri, 2150-ci ilin sonunadək isə hər 3 nəfərdən biri 60 və ya daha yuxarı yaş qrupuna daxil olacaq. Bu da dünyada yaşlı əhalinin sayının ildən-ilə artdığını göstərir. Həmçinin BMT-nin qiymətləndirmələrinə əsasən, 65 və daha yuxarı yaşda olanlar əhalinin 4%-ni təşkil edirsə, onda əhali “cavan”, əgər bu pay 4%-7% arasındadırsa, onda əhali “yaşlaşma ərəfəsində”, bu pay 7% və ondan yuxarıdırsa, onda əhali “yaşlı” hesab edilir. 2025-ci ilədək aparılan proqnozlara görə 60 və yuxarı yaşda olan insanların sayı əhalinin 15%-ni, inkişaf etmiş ölkələrdə isə 30%-ni təşkil edəcək”, - İ.İsayev bildirib.

İ.İsayev əlavə edib ki, dünyanın inkişaf etmiş ölkələrindən fərqli olaraq, Azərbaycanda ahıllar əhalinin az bir hissəsini, cəmi 4%-ni təşkil edir: “Qeyd olunan kriteriyalar baxımından Azərbaycan əhalisi “cavan” əhali sayılır. Lakin dünya ölkələrinin çoxunda olduğu kimi, Azərbaycanda da əhalinin yaşlaşması prosesi müşahidə olunur. 1950-2010-cu illər ərzində 65 yaşından yuxarı əhali kontingentinin sayı dünya üzrə 5%-dən 8%-ə qədər artıb. 2050-ci ilədək bu göstəricinin 12%-ə qədər artacağı proqnozlaşdırılır”.

İ.İsayev “Sosial xidmət haqqında” qanuna əsasən yaşı 70-ə çatmış şəxsin ahıl hesab edildiyini, rəsmi statistikaya görə, respublikamızda belə şəxslərin sayının 390 min nəfərdən çox olduğunu bildirib: “Ahıl şəxslərin rifahında mühüm yer tutan pensiya təminatı mütəmadi olaraq gücləndirilir. Hazırda Azərbaycanda əmək pensiyalarının baza məbləği 100 manat, orta aylıq məbləği 175,1 manat, yaşa görə pensiyalar üzrə orta aylıq məbləğ 195 manatdır. Son on ildə orta aylıq əmək pensiyası 9,4 dəfə çoxalaraq, yoxsulluq həddini 1,7 dəfə üstələyib”. Nazir müavini həmçinin hazırda 664 nəfər Böyük Vətən müharibəsi əlilinin, 540 nəfər Böyük Vətən müharibəsi iştirakçısının, 11 nəfər İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində işləmiş şəxsin Prezident təqaüdləri ilə təmin olunduğunu, ötən il bu təqaüdlərin məbləğinin əhəmiyyətli şəkildə artırıldığını bildirib: “1998-2014-cü illərdə ƏƏSMN tərəfindən 1075 nəfər Böyük Vətən müharibəsi əlili minik avtomobili, həmin təbəqədən olan 102 nəfər şəxs isə mənzillə təmin edilib”.

Nazir müavini tənha ahıl və əlillərə evlərində göstərilən sosial xidmətlərdən, habelə ƏƏSMN-nin Müharibə və əmək əlilləri üçün pansionatında (Qocalar evi) yaşayan tənha vətəndaşların və əlillərin hərtərəfli təminatı üçün görülən işlərdən söz açıb: ”Azərbaycanda ahıllara dövlətin və cəmiyyətin diqqətinin daha da artırılmasını təmin etmək məqsədilə ölkəmizdə “Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə dair Dövlət Proqramı (2015-2020-ci illər)” hazırlanıb. Proqramda Yaşlaşma üzrə Madrid Beynəlxalq Fəaliyyət Planının prinsipləri, onun icrasına dair Regional Strategiyanın tövsiyələri, Yaşlaşma Problemləri üzrə Vyana nazirlər konfransının prinsipləri nəzərə alınıb. Proqram ahılların layiqli həyat tərzi sürməsi üçün əlverişli mühitin yaradılması, insan hüquqlarından tam və bərabər imkanlarla yararlanmaları və cəmiyyətə inteqrasiyasının gücləndirilməsi, bu sahədə qabaqcıl beynəlxalq təcrübədən yararlanaraq yeni yanaşmaların tətbiqi və s. nəzərdə tutur”.

İ. İsayev ahıllarla bağlı siyasətin təkmilləşdirilməsində Avropa İttifaqının Avropa Qonşuluq Siyasəti çərçivəsində icra edilən TAİEX proqramının rolunu qeyd edib. O bildirib ki, bu proqramın ilkin mərhələsində Avropa İttifaqının ekspert missiyası tərəfindən 2013-cü ilin mart ayında ƏƏSMN-nin sosial xidmət sahəsində çalışan əməkdaşlar üçün seminar təşkil edilib. Proqramda ahıllara sosial xidmət sahəsində Avropa İttifaqının təcrübəsinin öyrənilməsi də əksini tapır ki, keçirilən bu seminar da məhz bu məqsədə yönəlib.

Seminarda ƏƏSMN-nin Sosial təminat siyasəti şöbəsinin müdiri Səbinə Cəfərova ölkəmizdə ahılların sosial müdafiəsi sahəsində görülən işlər, ahıllarla bağlı hazırlanan yeni Dövlət Proqramının layihəsi barədə məlumat verib. Daha sonra Avropa İttifaqı ölkələrindən gəlmiş ekspertlər Ralf von Ameln (Almaniya), Jan-İv Hokke (Fransa), Maqda Zupançiç (Slovenya) ölkələrinin müvafiq təcrübələrini təqdim ediblər. İki gün davam edəcək seminarda ahılların sosial müdafiəsi, onlara sosial xidmətlər və səmərəli tibbi qayğı göstərilməsi, onların ictimai fəallığının və layiqli həyat tərzinin təmin edilməsi sahəsində milli və beynəlxalq təcrübələrin təhlili və fikir mübadilələrinin aparılması nəzərdə tutulur.
Diaspora