Şair-publisist Faiq Balabəylinin “Bayıldan Bayıra“ kitabının təqdimat mərasimi keçirilib

Şair-publisist Faiq Balabəylinin “Bayıldan Bayıra“ kitabının təqdimat mərasimi keçirilib backend

Azərbaycan Yazıçılar Birliyinin "Natəvan" klubunda şair-publisist Faiq Balabəylinin "Bayıldan bayıra" kitabının təqdimat mərasimi keçirilib.

Qaziler.az yeniavaz.az-a istinadən bildirir ki, tanınmış yazıçı İlqar Fəhmi Faiq Balabəylinin ədəbi mühitdə lirik şair kimi tanındığını bildirib: "Lakin görünür, uzun illər boyu Faiq Balabəylinin yaradıcı təfəkküründə poeziyaya sığışdıra bilmədiyi mövzular yığılıb qalıbmış" (Məlumat üçün bildirək ki, "Bayıldan Bayıra" Faiq Balabəylinin ilk nəsr əsəridir).
Xalq şairi Sabir Rüstəmxanlı müəllifin müşahidə qabiliyyətindən söz açıb.
Tanınmış yazıçı Seyran Səxavət deyib ki, "Bayıldan bayıra"nı yazıb-ərsəyə gətirmək üçün o mənzərələri illərlə dayanıb müşahidə etmək yetərli deyil. Ona həm də yazar ürəyi, yazar eşqi lazımdır. Faiq belə bir istedad sahibidir".
Şair Bilal Alarlı da Faiq Balabəylinin kitabda yazılanları yaşadığı üçün belə səmimi alındığını vurğulayıb.
Tanınmış şair Kəmaləddin Qədim bir nasir kimi ona uğurlar diləyib.
Şair Musa Ələkbərli isə Faiq Balabəyliyə poeziya aləmindən uzaqlaşmamağı tövsiyə edib.
Tədbirdə tanış olduğum bir nəfər isə mənimlə söhbətində bu sözləri dedi: "Xəzər dənizi indiyədək istər şeirimizdə, istərsə də musiqimizdə yetərincə təsvir edilib, şəninə nəğmələr qoşulub. Ancaq dənizin sərt üzünə, onun qansızlığına nə ədəbiyyatımızda, nə də musiqimizdə demək olar ki, rast gəlməmişik. İxtisasca dənizçi olan şair-publisist Faiq Balabəyli öz şeirlərində bizə Xəzərin sərt üzünü göstərməyi də bacarıb".
Qeyd edək ki, kitabda müəllifin şəxsən görüşüb söhbət etdiyi, məhbəs həyatı keçirmiş qəhrəmanların gerçək həyatından bəhs edən povest, hekayə və publisistik yazılar toplanıb. Buradakı hekayətlərin ən maraqlı tərəfi ondadır ki, ön sözün müəllifi İlqar Fəhmınin yazdığı kimi, yazıçı öz qəhrəmanlarını anlamağa, hətta bəzən də haqq qazandırmağa çalışır.
Məlumat üçün bildirək ki, Faiq Balabəyli 1964-cü ildə Cəlilabad rayonunun Sabirabad kəndində anadan olub. Dənizçilik Məktəbində təhsil alıb. Xəzər Dəniz Neft Donanmasında motorçu, elektrik mexaniki, gəmi kapitanın baş köməkçisi kimi fəaliyyət göstərib. Hazırda isə İxtisaslaşdırılmış Xəzər Dəniz Neft Donanmasında gəmi kapitanı vəzifəsində çalışır.
Bununla yanaşı o, "Ədəbiyyat", "Millətin Səsi" qəzetlərində də çalışıb. İndi axar.az-da maraqlı yazıları ilə diqqət mərkəzindədir.
Türkiyənin və Azərbaycanın ədəbi ödüllərinə layiq görülüb. 7 kitab müəllifidir.
Diaspora