Bakı Beynəlxalq Tələbə Klubunun təşkilatçılığı, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə və ADA universitetinin Magistr Tələbə hökümətinin texniki dəstəyi ilə “Əcnəbi tələbələrin fikir platforması” adlı Azərbaycanda ilk dəfə əcnəbi tələbələr arasında TEDx formatlı yarışma təşkil olunub.
"Eurasia Diary" xəbər verir ki, layihənin əsas məqsədi əcnəbi tələbələrə müşahidə etdikləri, yaşadıqları, ümumiyyətlə bölüşmək istədikləri hər hansı mövzunun heç kəsə bəlli olmayan, ən maraqlı məqamlarını münsiflər heyəti və auditoriya qarşısında paylaşmaqdır.
Aprelin 25-də ADA Universitetində yarışmanın final mərhələsi baş tutub.
Xatırladaq ki, layihənin yarımfinal mərhələsi aprel ayının 13-də keçirilib. Yarımfinal mərhələsində 15 ölkədən 10 universitetin 30-a yaxın iştirakçısı yarışıb. Bu ölkələr arasında Peru, İraq, Kamerun, Myanmar, Türkiyə Rusiya,Ukrayna, Polşa, Nigeriya, Yəmən, Suriya və Mozambikdən olan tələbələr iştirak edib. Auditoriyanın marağına, təəccübünə səbəb olan çıxışlar münsiflər heyəti tərəfindən 5-ballıq sistemlə qiymətləndirilmişdi.

Beləliklə, münsiflər heyətinin yekdil qərarına əsasən iştirakçılardan yanlız 9 nəfəri finala vəsiqə qazanmışdı.

Yarışın son final mərhələsində Türkiyə, Rusiya,Ukrayna, Polşa, Nigeriya, Yəmən, Suriya və Mozambikdən olan 9 universitetin (Azərbaycan Diplomatiya Akademiyası, Azərbaycan Tibb Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Memarlıq İnşaat Universiteti, Bakı Mühəndislik Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universtiteti, Xəzər Universiteti) tələbələri özlərini sınayıb.

Yarışmanın münsiflər heyətinin tərkibində Millət vəkili Şahin İsmayılov, Millət vəkili Kamran Bayramov, Gənclər Fondunun Strateji Planlaşdırma və Beynəlxalq Əlaqələr Sektorunun müdiri Vüsalə Niftəliyeva, Gənclər və İdman Nazirliyinin gənclərlə iş şöbəsinin müdiri İndira Hacıyeva, Təhsil Nazirliyinin Beynəlxalq Əməkdaşlıq Şöbəsinin böyük məsləhətçisi Müjdat Həsənov, Bakı Şəhər Həlqəsi Əməliyyat Komitəsinin (BŞHƏK) Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai və Gənclər Təşkilatları Milli Şurasının sədr müavini Aysun Zeynalova təmsil olunurdular.
Olduqca maraqlı keçən final mərhələsində üç tələbə münsiflər heyəti tərəfindən daha çox bal toplayaraq ilk yerləri tutdular. Bunlar Bakı Mühəndsilik Universitetinin mozambikli tələbəsi Shakira İssufo, Bakı Slavyan Universitetinin suriyalı tələbəsi Yasmin Abdıhak və Azərbaycan Dövlət İqtisad Universitetini təmsil edən nigeryalı tələbə qrupu - Tomiva Fayehun, Uillie Ubong və Akınpelu David oldu. Digər tələbələr isə yaxşı, ən yaxşı natiq və finalçı nominasiyaları üzrə təltif olundular.

Tədbirdə hökumət və dövlət rəsmiləri ilə yanaşı beynəlxalq xarici ölkə səfirləri, o cümlədən BMT-nin Azərbaycan Respublikasındakı Rezident Əlaqələndiricisi və BMT-nin İnkişaf Proqramının (BMTİP) Rezident Nümayəndəsi Qulam İsakzai, Hindistanın Azərbaycandakı Səfiri Sancay Rana, Yunanıstanın Azərbaycandakı Səfiri Dmitrious Tsounqas, Ukraynanın Azərbaycandakı səfirliyinin birinci katibi Yankovski Yevgeni və Polşa səfirliyinin 3-cü katibi Anna Vitak iştirak edirdi.