Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə “Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi” (TİKA) arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb. Şuradan Lent.az-a bildirilib ki, mərasimdə çıxış edən Şura sədri, millət vəkili Azay Quliyev Memorandumu Türkiyənin ən mühüm qurumlarından biri olan TİKA ilə vətəndaş cəmiyyəti sahəsində iş birliyini inkişaf etdirəcək xoş niyyətli, hər iki ölkənin milli maraqlarını nəzərə alan sənəd adlandırıb.
Bir müddət öncə Şuranın TİKA ilə birgə əməkdaşlığının nəticəsi olaraq Bakı QHT-lərinin Resurs və Təlim Mərkəzinin açıldığını deyən A. Quliyev imzalanacaq sənədlə iki qurum arasındakı münasibətlərin bundan sonra hüquqi xarakter alacağını və fəaliyyətlərin koordinasiya ediləcəyini vurğulayıb.A.Quliyev Memorandumun Şuranın Türkiyənin dövlət qurumuyla imzaladığı ilk sənəd olduğunu və vətəndaş cəmiyyətinin inkişafına önəmli töhfələr verəcəyinə əmin olduğunu deyib.
Mərasimin Türkiyənin Çannaqala savaşındakı qələbəsinin 100-cü ildönümünə təsadüf etdiyini bildirən Şura sədri Azərbaycanın və bütün türk dünyasının buna böyük önəm verdiyini qeyd edib. Türk millətinin Çanaqqala zəfərini qanı, canı bahasına qazandığını bildirən Şura sədri bir sıra beynəlxalq təşkilatların saxta erməni soyqırımını tanımasını pisləyib: “Avropa Parlamentinin və bir sıra digər beynəlxalq qurumların Türkiyəni soyqırım törətməkdə ittiham etməsi, suçlu kimi göstərməyə çalışması onların 1915-ci ildə Çanaqqalada itirilmiş mövqelərinin kompensasiya cəhdidir. Saxta soyqırımı tanımaqla sanki Çanaqqala savaşındakı məğlubiyyətlərinin qisasını almağa çalışırlar”.
TİKA-nın Bakı proqram koordinatoru Mustafa Haşim Polat Türkiyəni soyqırımda suçlayanların dönüb tarixə baxmalarının lazım olduğunu deyib. Türkiyənin heç zaman kiməsə işgəncə vermədiyini, hətta birinci dünya savaşı zamanı ona qarşı vuruşan düşmən əsgərlərinə belə yüksək ehtiram göstərdiyini bildirən Mustafa Haşim Polat zəngin sülh, barış mədəniyyətinə sahib olduqlarını qeyd edib.