TAM DƏRƏBƏYİLİK – “OPEL” vuran adam ölüb, avtomobil tapılıb, lakin sahibi cəzasız qalıb - ŞİKAYƏT

TAM DƏRƏBƏYİLİK – “OPEL” vuran adam ölüb, avtomobil tapılıb, lakin sahibi cəzasız qalıb - ŞİKAYƏT backend

QAZİLER.AZ saytının redaksiyasına 27 sentyabr 2015-ci ildə Bakı Qazax magistral yolunun 470-ci kilometrində “OPEL” markalı avtomobilin törətdiyi qəza nəticəsində dünyasını dəyişən Verdiyev Elman Rafiq oğlunun yaxın qohumundan şikayət daxil olub.

Dünyasını dəyişən E.Verdiyevin dayısı oğlu, 1-ci qrup Qarabağ əlili Zaur Hacıyev yazır:

“Mənim qohumum, dörd uşaq atası, üçüncü qrup əlil, 28 oktyabr, 19973-cü il Ağstafa rayonunda anadan olan Verdiyev Elman Rafiq oğlu 27 sentyabr 2015-ci ildə Bakı Qazax magistralında 470-ci kilometrliyində Alman istehsalı olan “OPEL” markalı avtomobillə vurulub. Hadisəni törədən şəxs isə hadisə yerindən qaçıb. Nəticədə qohumum Verdiyev Elman Rafiq oğlu da dünyasını dəyişib. Dövlət Yol Polisi tərəfindən aparılan istintaq zamanı Verdiyev Elmanı vurub öldürmüş avtomobil müəyyən edilib və saxlanılıb. İstintaq zamanı aparılan ekspertiza müəyyən edib ki, saxlanılan avtomobil yüz faiz qəzanı törədən maşındır. Amma avtomobilin sahibi deyilən vaxt toyda olduğunu deyərək, cinayət hadisəsini boynundan atır. Neçə vaxtdır məsələ bu şəkildə qalıb. Fakt ortalıqda ola-ola hadisəni törədən şəxslə bağlı heç bir tədbir görülmür, günahkar həbs edilmir. Artıq üçüncü ildir ki, cinayətkar azadlıqda gəzir. Bu yaxınlarda Dövlət Yol Polisinin Baş istintaq idarəsində olmuşuq. İdarənin rəis müavini ilə görüşmüşük. Məlum oldu ki, açılmamış cinayət kimi iş hazırda Respublika Prokurorluğundadır. Bilmirik neyləyək, dərdimizi kimə deyək?!”

QAZİLER.AZ saytı olaraq məsələ ilə bağlı Azər adlı müstəntiqlə əlaqə saxladıq. O da Z.Hacıyevin dediklərini təsdiq etdi: “İstintaq tərəfindən hadisəni törədən avtomobil müəyyənləşdirilib və saxlanılıb. Lakin sahibi hadisəni törətmədiyini deyir. Biz də sübut edə bilmirik. Ona görə də hələlik icraatı dayandırmışıq, amma əməliyyat istintaq tədbirləri davam edir”.

Biz də olan məlumata görə, cinayət məsuliyyətindən yayınan şəxslər istintaq orqanlarını şantaj edir. Ümid edirik, Daxili İşlər Nazirliyinin səlahiyyətli şəxsləri məsələni araşdırıb lazımı ölçü götürülməsi üçün müvafiq addımlar atacaqdır.