İstehsalat qəzalarından hər il 2,34 milyon işçi ölür

İstehsalat qəzalarından hər il 2,34 milyon işçi ölür backend

Beynəlxalq Əmək Təşkilatının statistikasına əsasən, hər il dünyada 2,34 milyon işçi istehsalat qəzası nəticəsində ölür, 160 milyondan çox insan isə peşə xəstəliyinə məruz qalır. Bu qəzalar dünya üzrə ümumi daxili məhsulun (ÜDM) 4 faizinin, yaxud 2,8 trilyon dolların itirilməsinə səbəb olur.

Virtualaz.org saytı xəbər verir ki, bunu Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Əlizadə Ümumdünya Əməyin Mühafizəsi günü ilə bağlı keçirilən tədbirdə deyib.

F.Əlizadə bildirib ki, Əmək Məcəlləsinin 207-239-cu maddələrində əməyin mühafizəsi normaları, qaydaları və prinsipləri aydın şəkildə əks olunub. “Əmək Məcəlləsində təşkilati-hüquqi formasından asılı olmayaraq bütün müəssisələrdə iş yerlərinin əməyin mühafizəsi normaları və qaydalarının tələblərinə uyğun olmasına, işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunmasına cavabdehlik işəgötürənin üzərinə qoyulur. Lakin əməyin mühafizəsi ilə bağlı qanunvericilikdən irəli gələn tələblərə əməl olunmasına, eyni zamanda əməyin mühafizəsi üzrə xidmətin yaradılmasına bəzi işəgötürənlər tərəfindən bir sıra hallarda biganə münasibət özünü göstərir. Bu biganə münasibət istehsal qəzalarının baş verməsinə və həmin qəzalar nəticəsində işçi insanların həyatını və ya sağlamlığını itirməsinə səbəb olur”, - xidmət rəisi əlavə edib.

Bu ilin birinci rübündə istehsalatla əlaqəli 31 bədbəxt hadisə qeydə alınıb. İstehsalat qəzaları nəticəsində 10 nəfər dünyasını dəyişib, 24 nəfər xəsarət alıb. Təhqiqat işləri aparılarkən bu qəzaların da məhz əməyin mühafizəsi tələblərinin yerinə yetirilməməsi səbəbindən baş verdiyi müəyyən olunub.

“İşəgötürənlər zərərli və ağır sahələrdə qadın və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin qadağan olunması, bütün peşə və vəzifələr üzrə vəzifə və texniki təhülıkəsizlik qaydaları barədə təlimatların hazırlanması və işçilərin tanış edilməsi, normal əmək və istirahət şəraitinin yaradılması tədbirlərinin görülməsini təmin etməlidirlər. Yüksək təhlükə potensiallı iş sahələrində (həmçinin təhlükə yarana biləcək iş sahələrində) işə başlanmazdan əvvəl işin təhlükəsiz aparılmasına cavabdeh vəzifəli şəxs tərəfindən nəzarət-buraxılış verilməsi və onun icrasına daimi nəzarət edilməsi təmin edilməlidir”-, deyə xidmət rəisi vurğulayıb.