28 əlil müalicədən vətənə döndü

28 əlil müalicədən vətənə döndü backend

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Qaziler.az-a verilən xəbərə görə, bir qrup əlilliyi olan şəxs Türkiyədə bərpa-müalicə kursunu başa vuraraq geri dönüb.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin əlilliyi olan şəxslərə diqqət və qayğısının nəticəsi kimi, bu təbəqədən olan şəxslərin tibbi-sosial reabilitasiyası, habelə onların xaricdə bərpa-müalicəsinin təşkili işləri ilbəil güclənir.

Bu istiqamətdə işlərin davamı kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən aprel ayının əvvəllərində 28 nəfərdən ibarət əlilliyi olan şəxs Türkiyənin Dənizli bölgəsində yerləşən Nobel Tibb Mərkəzinə bərpa-müalicəsinə yola salınıb. 20 günlük bərpa-müalicə kursunu başa vuran əlilliyi olan şəxslər bu gün artıq vətənə dönüblər. Onları Heydər Əliyev adına Beynəlxalq Hava Limanında ƏƏSMN-nin əməkdaşları və doğmaları qarşılayıb.

Əlilliyi olan insanlar bütün sahələrdə olduğu kimi, onların xaricdə bərpa-müalicəsinin təşkili işlərinə də möhtərəm Prezidentimiz tərəfindən daim diqqət və qayğı göstərilməsindən razılıqla söz açıblar. Onlar qardaş Türkiyədə onlara göstərilən reabilitasiya xidmətindən razılıqlarını bildiriblər.

Türkiyənin Dənizli bölgəsi müalicəvi təbii potensialı, o cümlədən müalicəvi palçıq sahələri, mineral bulaqları, şəfalı havası və suyu ilə tanınan sanator-kurort məkanıdır. Burada yerləşən Nobel Tibb Mərkəzində təbii müalicəvi resurslardan geniş istifadə edilməklə, peşəkar həkim-reabilitoloq personalı tərəfindən səmərəli fizioterapevtik müalicə metodları (hidroterapiya, palçıq müalicəsi, tibbi masaj, sudaxili məşqlər, mexanoterapiya, hidroprosessor və s.) tətbiq olunur. Azərbaycandan gələn əlilliyi olan şəxslər mərkəzdəki 5 ulduz oteldə yerləşdirilib, onlara lazımi reabilitasiya xidmətləri göstərilib. Eyni zamanda, əlilliyi olan şəxslərin bərpa müalicəsinə nəzarət etmək, eləcə də mərkəzin reabilitasiya təcrübəsinin öyrənilməsi üçün ƏƏSMN-nin bir nəfər həkimi də Türkiyəyə ezam edilib.

Onu da bildirək ki, aprelin 21-də ƏƏSMN tərəfindən 29 nəfərdən ibarət daha bir qrup əlilliyi olan şəxs Türkiyəyə, Nobel Tibb Mərkəzinə bərpa müalicəsinə göndərilib. Ümumilikdə il ərzində nazirlik tərəfindən 190 nəfər əlilliyi olan şəxsin və sağlamlıq imkanları məhdud uşağın xaricdə bərpa-müalicəsi təşkil ediləcək ki, bu da ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 20 faizədək çoxdur. Bu isə sosial proqramların 2015-ci ildə də uğurla davam etdirilməsinin bir təzahürüdür.
Diaspora