Qarabağ qazisi - 300 nanat verirlər ki, get dolan

Qarabağ qazisi - 300 nanat verirlər ki, get dolan backend

Qarabağ əlillərinin dərman almağa pulları yoxdur, çünki kredit götürüblər Ömrünün ən gənc və gözəl çağlarını vətən, torpaq uğrunda fəda edirsən, sağlamlığını itirirsən, nəticədə isə mükafatın dözülməz şəraitdə yaşamaq, eləcə də baxımsızlıqdan məhvə sürüklənmək olur. Məhz Qarabağ müharibəsində öz sağlamlığını itirmiş qazilərimiz kimi... Müharibə veteranlarının böyük hissəsi üzləşdikləri sosial problemlərin öhdəsindən gələ bilmirlər.

Buna da ən böyük səbəb isə maddi imkansızlıqdır. Qarabağ döyüşlərinin iştirakçısı olan Mehman İsmayılov ağır yaşam şəraitindən gileylənib. Uzun illərdir, köhnə və artıq yararsız hala düşmüş yataqxanada yaşadığını iddia edən M.İsmayılov ağır yaşayış şəraiti ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciətlər ünvanlasa da, baxan olmayıb. Ya gözləyin deyiblər, ya da heç cavab verməyiblər. Ciddi maddi sıxıntılar içində qalan İsmayılov aldığı müavinətin yarısından çoxunu banka ödəyir: "Yoldaşım da xəstədir. 3 dəfə ağır əməliyyat keçirib, sağ ayağında metal mil var. Özüm də məlum məsələdir. Qafa tasının yarısı olmayan, bədənində qəlbə, güllə izləri olan bir adam necə ola bilər? Bankdan 5000 manat kredit götürmüşəm. Həmin pulla yoldaşım və mən İrana müalicə almağa getdik. İndi həmin krediti ödəyirik. Aylıq 300 manata yaxın müavinət alıram. Onun cəmi 130 manatı mənə qalır. Həmin pulla dolanırıq. Bu boyda ailə 130 manatla bir ay keçinməlidir. Dərmanlarımın pullarını güclə verirəm. Müalicəmə pul tapmıram. Dövlətin mənə verdiyi müavinətlə nəinki 4 nəfərlik ailə ilə, hətta sağlam və tək yaşasam belə, dolanmaq çətin olar”.

M.İsmayılov etdiyi şikayət və müraciətlərin heç bir faydasının olmadığını deyib: "Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Məskunlaşma, miqrasiya, məşğulluq və status şöbəsinin müdiri Sənan Hüseynova dəfələrlə müraciət ünvanlamışam. Faydası yoxdur. Ümumiyyətlə, qazilərə diqqət və qayğı yoxdur. Bizi adam hesab etmirlər”.

Qeyd edək ki, Qarabağ müharibəsi qurtardıqdan sonra döyüşlər zamanı öz sağlamlığını, yaxınlarını itirmiş əlillər və şəhid ailələrinə qarşı göstərilən laqeyd münasibət insanlarda küskünlük və pessimist hisslər yaradıb. Baş verənlər hətta bəzi vaxtlar gənclərin vətənpərvərlik və döyüşkənlik ruhiyyəsinə də təsir göstərir. Gənclər düşünürlər ki, əgər öz varlığını və sağlamlığını vətən uğrunda qurban verən şəxsə qarşı bu cür neqativ münasibət sərgilənirsə, eyni aqibət və sonuc mənimlə də bağlı yaşanacaq. Bəs yaşanan problemlərin qarşısını almaq üçün nə etməli?


"Qarabağ Qaziləri” İctimai Birliyinin sədri Etimad Əsədov da hesab edir ki, sadalanan problemlərin hamısı doğrudur və bütün Qarabağ qaziləri eyni taleyi yaşayır:
"Biz dəfələrlə "Qaçqınkom” rəhbərliyinə müraciətlər ünvanlamışıq ki, Qarabağ müharibəsi əlillərini, şəhid ailəsini növbədən kənar mənzillə təmin etsinlər. Amma bizim müraciətlərimiz nəzərə alınmır. Onlar qaçqın və məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması üçün görülən bütün işləri növbəli şəkildə həyata keçirirlər. Sözsüz ki, bütün məcburi köçkünlər mənzillə təmin olunmalıdır, amma qazilər və şəhid ailələrinin problemlərinin növbədənkənar həll olunması daha məqsədəuyğundur”.
M.İsmayılovun qaçqın və müharibə veteranları üçün tikilən binaların satılması iddiasına gəldikdə isə E.Əsədov deyib ki, od olmayan yerdən tüstü çıxmaz: "Hər halda əlində faktları var ki, belə bir açıqlama verib. Hesab edirəm ki, bu məsələ ciddiyə alınmalı və araşdırılmalıdır. Müharibədə sağlamlığını itirmiş şəxslərə qarşı bu cür münasibət haqsızlıqdır. Onların problemləri öyrənilməli və aradan qaldırılması istiqamətində real addımlar atılmalıdır”.

M.İsmayılovun müavinətlərin azlığı ilə bağlı narazılığına toxunan Birlik sədri də deyib ki, Azərbaycanda müharibə veteranlarına, əlillərə və şəhid ailələrinə verilən müavinət həqiqətən azdır. "Qarabağ müharibəsi əlillərinə verilən təqaüdlər həqiqətən də çox azdır və həmin vəsait ilə 3-5 nəfərlik ailəni dolandırmaq mümkünsüzdür. Müharibə əlillərinin əksəriyyətinin səhhətində ciddi problemləri var. Aldıqları müavinət isə onların heç dərmanlarına çatmır. Biz "Qazilər Birliyi” olaraq, dəfələrlə məsələ qaldırmışıq ki, bu insanların pensiyaları yaşayış minimum həddinə çatdırılmalıdır. Bu insanlar normal şəkildə dolana bilsinlər. Amma bu gün Qarabağ müharibəsi əlilləri 300 manat təqaüdlə taleyin ümidinə buraxılıblar. Bu isə o deməkdir ki, qazilər bu pula nə iynə- dərmanlarını ala bilir, nə balalarının qarnını doyuzdurub, evdə ata-ər kimi qürrələnə bilirlər. Onlar öz övladları və xanımları qarşısında çox aciz durumda qalır, qürurlarını itirirlər. Hər bir kəs kimi onların da övladlarını, ailələrini qidalandırmaq və yaxşı baxmaq haqları var. Bu bizim üçün acınacaqlı bir durumdur”.

E.Əsədovun sözlərinə görə, aidiyyəti qurumlar, millət vəkilləri müharibə veteranlarının problemlərinə vicdanla yanaşmalıdırlar. Qarabağ müharibəsi əlillərinə ata və ər kimi elə bir formada müavinətlər verilməlidir ki, övladları qarşısında ata, xanımlarının qarşısında isə ər kimi öz qürurlarını itirməsinlər. Eyni halda insanlara yüksək qayğı göstərilməlidir ki, onlar da gənc nəslin qarşısında vətən uğrunda vuruşmaqdan qürur hissi keçirsinlər. İki əlini, gözünü, ayağını və digər orqanlarından məhrum insanları taleyin ümidinə buraxmaq onlar üçün çox acınacaqlı hisslər və ümidlər yaradır.

"Şərq” qəzeti
Diaspora