Baş redaktor: Əsas rəqibimiz “Facebook“ və “Google“dur — 10 yaşın söhbəti

Baş redaktor: Əsas rəqibimiz “Facebook“ və “Google“dur — 10 yaşın söhbəti backend

Aprelin 25-də Azərbaycanın ən uzunömürlü xəbər portallarından biri “Qaynarinfo.Az” portalının 10 yaşı tamam olur.

"Ölkə.Az" olaraq “Qaynarinfo”-nun keçdiyi yol və gələcək planları ilə bağlı saytın rəhbəri Zahir Əzəmətlə söhbətləşdik.

- 10 il əvvəl xəbər saytlarının perspektivinə inananlar az idi. Hələ ölkədə qəzet bumu yaşanırdı. Səhv etmirəmsə, özünüz də qəzetdə çalışırdınız. Bəs birdən-birə sayt açmaq ideyası necə yarandı?

- 2007-ci ilin əvvəlləri idi, o zaman yetərincə populyar olan “Alma” qəzetini buraxırdıq. Qəzetimiz çox oxunur və müzakirə olunurdu. Amma həftəlik olduğu üçün hadisələrə operativ reaksiya verə bilmirdik. Qəzetin saytı da, forumu da var idi. O zaman hələ sosial şəbəkələr ölkədə populyar deyildi. İnternetin sürəti zəif idi. Smart telefonlar yox idi. Amma internet istifadəçilərinin sürətlə artdığı hiss olunurdu. Ölkənin ictimai-siyasi həyatı da xəbər baxımından xeyli qaynar idi. “Alma”nın gənc köşə yazarı Turxan Qarışqanın da motivasiyası ilə ayrıca xəbər saytı yaratmaq ideyası doğdu və romantik bir həvəslə işə başladıq. İlk vaxtlar saytın xəbərlərini mən və Turxan qoyurduq. Sonra bir çox könüllülər də bizə qoşuldu. Subay vaxtlar idi, demək olar ki, gecə-gündüz çalışırdıq. İndi çoxlarına qəribə gələr, o zaman bir-iki xəbər saytı və agentlik var idi. Agentliklər istisna olmaqla, o xəbər saytlarının heç biri bu günə qədər yaşaya bilmədi. Bizə qədər internet saytları ara günlərdə saat 18:00-dan sonra xəbər qoymur, şənbə-bazar günləri işləmir, nadir hallarda video və ya fotosessiyalar olurdu. Biz bu streotipləri dəyişdik. Demək olar ki, fasiləsiz, gecə-gündüz demədən çalışdıq və bu da qısa zamanda saytın populyarlaşmasına səbəb oldu. İlk-üç il ərzində yüksəliş dövrünü yaşadıq. Saytın rus, türk versiyaları, bir çox qolları yarandı. 2007-ci ilin sentyabrında bu qollardan biri- saytın idman əlavəsi “Fanat.Az” adı altında ayrıca portala çevrildi və bu günə qədər də fəaliyyətdədir.

- Səhv etmirəmsə, sonra bir müddət saytın rəhbərliyindən uzaqlaşdınız.

- 2009-cu ildə bəzi kənar təsirlər ortaya çıxdı. Mən bir seçim qarşısında qaldım. Ya sayt fəaliyyətini dayandırmalı, ya da hansısa formada onun fasiləsiz fəaliyyəti təmin edilməliydi. O vaxt mənim üçün çox çətin olan bir qərar verdim. Saytın idarəetməsini gənc jurnalist dostumuz Fərid Şahbazlıya həvalə etdim. O da sağ olsun, bir neçə il saytın yaşaması üçün mümkün olan hər şeyi etdi. Nəhayət 2013-cü ilin yanvar ayında yenidən saytı öz idarəetməmə qaytardım, yeni kollektiv formalaşdırdıq və yeni dirçəliş dövrümüz başladı. O vaxt baş redaktor kimi bizə dostumuz Şəmşad Ağanın böyük qatqıları oldu. Sonra Şəmşad bəy özü ayrıca sayt yaratmaq qərarına gəldi və yenidən Baş redaktorluq vəzifəsini də üstümə aldım. Hazırda “Qaynarinfo” ölkənin aparıcı xəbər resurslarından biridir və öz inkişaf dövrünü yaşayır.

- ... Və artıq 10 yaşınıza çatdınız!

- Doğrudan da Azərbaycanda 10 il bir internet saytı üçün böyük rəqəmdir. Reklam bazarının yoxluğu, texniki imkanların azlığı fonunda xəbər saytını yaşatmaq asan başa gəlmir. Həm də təkcə saytı yaşatmaq yetərli deyil, oxucunun güvənini qazanmaq, müstəqilliyini qorumaq, inkişaf etdirmək, gələcək tendensiyaları düzgün müəyyənləşdirmək lazımdır.