Aprelin 24-də Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində “Erməni soyqırımı” real tarix, yaxud tarixin yalanı” mövzusunda beynəlxalq elmi-praktik konfrans işə başlayıb.
Virtualaz.org bildirir ki, Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri İsmayıl Axundov konfransın məqsədi, müzakirə olunacaq məsələlər barədə ətraflı məlumat verib. Bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən keçirilən konfransın məqsədi “erməni soyqırımı” ilə bağlı əsassız iddiaların tarixi və elmi faktlar əsasında təhlili və əsl niyyətinin üzə çıxarılması, əslində soyqırımına ermənilərin deyil, türk-müsəlman əhalisinin məruz qaldığını sübut edən mənbələr əsasında elmi araşdırmaların nəticələrinin diqqətə çatdırılmasından ibarətdir.
Həmçinin ermənilər tərəfindən XX əsrin əvvəllərindən etibarən Anadoluda, Cənubi və Şimali Azərbaycanda və dünyanın digər yerlərində türk-müsəlman əhaliyə qarşı törədilən terror, soyqırımı, etnik təmizləmə və vandalizm kimi cinayət əməllərinin Dağlıq Qarabağ münaqişəsi kontekstində sistemli təhlilinin aparılması və bu faktların beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasıdır.