“Əsgər Ailələrinə Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Vətənpərvərliyin təbliğində aprel döyüşləri" layihəsi çərçivəsində aprel döyüşlərində şəhid olmuş Seymur Baxışovun, Cabbarxan Hacıağayevin, Mirzə Novruzovun, Mahir Mirzəyevin, Əlizaman İslamovun, Rəşid Baxşəliyevin anım tədbirlərində istirak etdik.
Aprel qələbəsinin qürurunu bizlərə yaşadan oğulların hər zaman yaddaşlarda, ürəklərdə yaşayacağı inamını şəhid valideynlərinə, doğmalarına çatdırdıq. Anadolu Universiteti Azərbaycan Proqramlarının tələbələri ilə şəhid ailələrinin, həmin döyüşlərin iştirakçıları Kamil Musəvi və Natiq Mehdiyevin görüşü sözsüz ki, hər kəsin yadında qalacaq.Türkiyənin Anadolu Dövlət Universitetinin distant təhsil üzrə Azərbaycan Proqramlarının tələbəsi Simur Bəydəmirovla da burada tanış olduq. O döyüşlər hələdə yadındadı. Çünki o, döyüşlərdə dostlarını da itirib.
Aprelin 23-də Əsgər Ailələrinə Dəstək İctimai Birliyi, İctimai Birliyin Binəqədi və Xocalı Rayon təşkilatlarının sədrləri Fərhad Əliyev, Sahil Həsənov, İctimai Birliyin hüquqşunası Yaşar İsmayılov, Qadın və Cəmiyyət Vətəndaş Maarifçiliyi İctimai Birliyinin sədri Şəbnəm Rəfaelqızı Ələt qəsəbəsində ötən ilin 22 aprelində həlak olan əsgər Təbriz Həsənovun anım tədbirində iştirak etdi. Anası Vəsilə xanım və atası Bəxtiyar Həsənov qeyd etdilər ki, hər bir valideynin borcu vətənə layiqli övlad yetişdirməkdi. mən isə öz növbəmdə qeyd edim ki, vətən üçün oğul böyüdən hər bir valideyn özü də qəhrəmandı. Və belə valideynlərə hər zaman minnətdarıq.
Mətanət Əsgərqızı
“Əsgər Ailələrinə Dəstək” İctimai Birliyinin sədri