İmişli rayonu ərazisindən Makedoniyalı İskəndərin dövrünə aid DƏFİNƏ aşkar edildi - SENSASİYALI TAPINTI -FOTOLAR

İmişli rayonu ərazisindən Makedoniyalı İskəndərin dövrünə aid DƏFİNƏ aşkar edildi - SENSASİYALI TAPINTI -FOTOLAR backend

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən QAZİLER.AZ-a verilən məlumata görə, aprelin 11-də AMEA Arxeologiya İnstitutuna İmişli sakini Rüstəmov Məmmədağa Xəlil oğlu tərəfindən rayonun Qızılkənd kəndi ərazisində gümüş sikkələrdən ibarət dəfinənin aşkar edilməsi barədə məlumat daxil olmuşdur.

Sikkələrdən birinin təsviri Rüstəmov Məmmədağa Xəlil oğlu tərəfindən institutun elektron ünvanına göndərilmişdir. Sikkənin fotosuna baxış keçirilərkən, onun avers (üz) tərəfində təsvirin Makedoniyalı İskəndərə (e.ə. 336-323) aid olduğu müəyyən edilmişdir.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitut rəhbərliyinin göstərişi ilə Numizmatika şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru Akif Quliyev və İmişli arxeoloji ekspedisiyasının müdiri tarix üzrə fəlsəfə doktoru Mikayıl Mustafayev rayona ezam edildilər.



Qızılkənd kənd sakini Həsənov Etiram Hümbət oğlu tapdığı 9 ədəd sikkəni AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Numizmatika şöbəsinin müdiri Akif Quliyevə təhvil vermişdir.





Dəfinənin aşkar edildiyi yerə baxış keçirən arxeoloqlar burada antik dövrə aid yaşayış yeri və nekropolun olduğunu müəyyən etmişlər.



Qeyd edək ki, antik dövrə aid sikkə dəfinələri bundan qabaq 1958-ci ildə Şamaxıda (Xınıslı kəndi), 1966-ci ildə Qəbələdə və 1972-ci ildə Ağsu (Nüydi kəndi) rayonu ərazisində aşkar edilmişlər. Adı qeyd edilən dəfinələrdən fərqli olaraq, İmişli dəfinəsi yalnız Makedoniyalı İskəndərin gümüş draxmalarından ibarətdir.



Hal-hazırda dəfinə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Numizmatika şöbəsində tədqiq edilir. Yaxın zamanlarda dəfinənin aşkar edildiyi ərazidə arxeoloji tədqiqat işlərinə start veriləcək.



Şəkillərdə:

1) AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Numizmatika şöbəsinin müdiri t. ü. f. d. Akif Quliyev
2) Dəfinəni tapmış Həsənov Etiram (solda) və İmişli arxeoloji ekspedisiyasının müdiri t. ü. f. d. Mikayıl Mustafayev (sağda)
3) Draxmalar təmizlənməmiş halda
4) Təmizlənmiş draxmaların avers tərəfi
5) Təmizlənmiş draxmaların revers tərəfi
6) Draxmalardan birinin avers tərəfi
7) Draxmalardan birinin revers tərəfi

QAZİLER.AZ