QHT Şuranın dəstəyilə məcburi köçkün gənclərə yardım edəcək
“Azərbaycanda Miqrant və Məcburi Köçkünlərin Hüquqlarının Müdafiəsi” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Məcburi köçkün gənclərin əmək bazarına çıxışının artırılması, onların sosial vəziyyətinin yaxşılaşdırılması” layihəsinin icrasına başlayıb.Qaziler.az qhtxeber.az-a istinadən verdiyi məlumata görə, layihənin əsas məqsədi məcburi köçkün gənclərin uğurlu karyera qurmalarına və məşğulluqlarının artırılmasına kömək etməkdən ibarətdir. 3 ay davam edəcək layihə çərçivəsində məcburi köçkün gənclərin təhsil aldığı 10 məktəbdə təlimlər keçiriləcək.
Təlimlər zamanı “Özünü Tanıma”, “Özünüzü kəşf edin”, “Fərdi İnkişaf”, “Hədəfi müəyyənləşdirmək”, “Peşələri Tanıma”, “Peşə Seçiminə Təsir edən Amillər”, “Gələcəyin peşələri”, “Səmərəli işaxtarma mexanizmləri”, “CV necə yazılmalı” kimi mövzulara toxunulacaq.