Gəncədə tələbə-gənclərlə görüş keçirilib

Gəncədə tələbə-gənclərlə görüş keçirilib backend

Gəncə Dövlət Universitetində “Jurnalistika 2015: peşə dəyərləri və demokratik cəmiyyət quruculuğuna dəstək” mövzusunda tələbə-gənclərlə görüş keçirilib.

Görüş “RUH” AJMK-nın Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə reallaşdırdığı “Tələbə gənclər arasında demokratik proseslərin dərinləşməsinə dəstək məqsədi ilə jurnalistikanın təbliği” layihəsi çərçivəsində baş tutub.

Qaziler.az qhtxeber.az-a istinadən bildirir ki, toplantını giriş sözü ilə Gəncə Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri Maqbet Əhmədov açaraq şəhərdə media orqanlarının fəaliyyətindən danışıb. O bildirib ki, Gəncədə qəzet və jurnallarla yanaşı, internet media resurslarının sayı da durmadan artmaqdadır. M. Əhmədov tələbə-gənclərin şəhərin ictimai həyatında mühüm rol oynadıqlarını diqqətə çatdıraraq “Tələbə-gənclər arasında demokratik proseslərin dərinləşməsinə dəstək məqsədi ilə jurnalistikanın təbliği” layihəsinin onların səmərəli fəaliyyətinə dəstək baxımından əhəmiyyət daşıyacağına əminliyini vurğulayıb.

“RUH” AJMK-nın icraçı direktoru Əvəz Rüstəmov rəhbərlik etdiyi layihənin məqsəd və vəzifələrindən söz açıb. O bildirib ki, 2013-cü il noyabr ayının 25-də Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin kütləvi informasiya vasitələrinin baş redaktorları ilə görüşündə ali məktəblərin jurnalistika fakültəsinə qəbulda qabiliyyət imtahanlarının tətbiqi və jurnalistikanın ixtisaslaşması üçün müvafiq tədbirlərin görülməsi məsələsi qaldırıldı. Dövlət başçısı bu təşəbbüsləri dəstəkləyərək müvafiq tapşırıqlar verdi: “Nəticə etibarilə 2014-cü ildən başlayaraq ali məktəblərin jurnalistika fakültəsinə qəbulda abituriyentlər üçün qabiliyyət testi tətbiq edildi. Eyni zamanda, digər ixtisas sahiblərinin də jurnalistikaya marağının mövcudluğu, hazırda kütləvi informasiya vasitələrində qeyri-ixtisas sahiblərinin də çalışması reallığı nəzərə alınmaqla humanitar sahəyə aid olmayan bakalavrların da magistr pilləsində jurnalistikanı seçmələrinə şərait yaradıldı”.

«Layihəmizin məqsədi ali məktəblərin bakalavr pilləsində təhsil alan tələbələrin jurnalistika ixtisasına marağını artırmaqdan, onların jurnalistika fakultələrinin magistr pilləsində təhsillərini davam etdirmələrini stimullaşdırmaqdan ibarətdir. Mövcud məqsəd müxtəlif sahələrdən olan tələbələrin jurnalistikaya axınını təmin etməyə yönəldiyindən ümumən proses jurnalistikanın ixtisaslaşmasına dəstək göstərilməsini strateji hədəf olaraq müəyyənləşdirir», - deyə o, əlavə edib.

Layihənin eksperti, «Jurnalist Araşdırmaları Mərkəzi» İctimai Birliyinin sədri Seymur Verdizadə çıxışında Azərbaycan mətbuatının tarixindən, müasir dövrdəki inkişaf xüsusiyyətlərindən, qloballaşma dövründə medianın funksiya və vəzifələrindən, həmçinin ənənəvi mediadan onlayn mediaya keçid müstəvisində meydana çıxan xarakterik vəziyyətlərdən söz açıb. «Jurnalistikada hazırda ən mühüm problemlərdən biri ixtisaslaşmanın zəifliyidir. Hesab edirəm ki, bu problemin həlli üçün son dərəcə vacib mexanizm tətbiq edilib və mövcud prosedurun tətbiqi praktikadan qaynaqlanır. Çünki hazırkı dövrdə Azərbaycanın media orqanlarında çalışan bir çox şəxslər ixtisasca jurnalist deyillər. Onlar müəyyən vaxt sərf edərək peşənin sirlərinə yiyələniblər. Təbii ki, yazı qabiliyyətinin olması da şərtdir. Hazırkı mexanizm isə imkan verir ki, yazı qabiliyyət olan bakalavr tələbələr magistr kimi təhsillərini jurnalistika sahəsində davam etdirsinlər. Düşünürəm ki, humanitar sahəyə aid olmayan şəxslərin də jurnalist kimi özlərini sınamalarına bundan yaxşı şərait ola bilməz. Eyni zamanda bu, müxtəlif sahələrdən olan şəxslərin jurnalistikaya axınını sürətləndirməyi hədəf seçir».

Maraqlı müzakirə şəraitində keçən görüşdə tələbə-gənclər layihənin əhəmiyyətini vurğulayaraq demokratik cəmiyyət quruculuğu prosesinin dərinləşməsi baxımından jurnalistikanın önəmindən söz açıblar. Onların Azərbaycan və dünya jurnalistikası ilə bağlı sualları da cavablandırılıb.
Diaspora