11 Aprel 2017-ci il tarixində İstanbul şəhərində yerləşən İsveçin tədqiqat institutunda "Azerbaijani and Beyond". Perspectives on the Construction of National Identity ("Azərbaycanlı və digərləri: Milli identikliyin formalaşması perspektivləri) Berlin: Verlag Dr. Köster. 2017" adlı kitabın təqdimatı keçirilmişdir. Bu kitab həm Azərbaycanlı, həmdə xarici müəlliflərin iştirak ilə ərsəyə gəlmişdir. Bu barədə QAZİLER.AZ-a AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Kitabın redaktorları Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı, antropologiya üzrə elmlər doktoru Əliağa Məmmədli, tarix üzrə fəlsəfə doktoru Ceyhun Mahmudlu və Fransanın Anadolu tədqiqatları İnstitutunun Qafqaz filialının Bakıdakı keçmiş rəhbəri xanım doktor Adelin Brodur. Kitaba ön sözü Əliağa Məmmədli və Fransa Şərq Dilləri və Sivilizasiyaları Milli İnstitutunun professoru xanım Anna de Tanqid yazmışlar.
Kitabın təqdimatında iştirak etmiş Əliağa Məmmədli və Ceyhun Mahmudlu bildiriblər ki, kitab 14-15 May 2015-ci il tarixlərində keçirilmiş “Hərəkətdə olan identikliklər: lokal, regional və qlobal proseslərdə Qafqaz” adlı Beynəlxalq antropoloji konfransda təqdim olunan məruzələr əsasında yazılmış məqalələrdən tərtib olunmuşdur. Həmin konfrans keçmiş Qafqaz Universitetinin Təhlükəsizlik və Energetika Tədqiqatları Mərkəzi (hal-hazırda Mühəndislik Akademiyası), Fransanın Anadolu tədqiqatları İnstitutu və Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun birgə təşkilatçılığı ilə keçirilmişdir. Konfransın işində Fransa, Türkiyə, Gürcüstan, Finlandiya, İsveç və Azərbaycandan olan tarixçilər, sosioloqlar və antropoloqlar iştirak etmişdir.


Əliağa Məmmədlinin sözlərinə görə, kitabda toplanılmış məqalələrin müəllifləri öz işlərində müasir antropologiyanın ən aktual mövzularından olan, xüsusilə yenidən formalaşan cəmiyyətlər üçün böyük əhəmiyyət kəsb edən milli, dini və etnik identikliklər probleminin həllinin öyrənilməsi kimi məsələlərə toxunmuşlar. Bundan başqa, qeyd etmək yerinə düşər ki, günümüzdə qlobal mədəniyyətin və standartların müasir insanın həyatına daxil olması ilə həmin problemlər daha aktual xarakter almağa başlayır.
