Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Qaziler.az-a verilən xəbərə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən daha bir qrup əlilliyi olan şəxs Türkiyənin Dənizli bölgəsinə bərpa-müalicəsinə yola salınıb.
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən əlilliyi olan şəxslərin xaricdə bərpa-müalicəsinin təşkili məqsədilə görülən işlərin davamı olaraq, 29 nəfərdən ibarət daha bir qrup əlilliyi olan şəxs Heydər Əliyev adına Beynəlxalq Hava Limanından Türkiyə Respublikasına bərpa müalicəsinə göndərilib.Əlilliyi olan şəxslərin yola salınması zamanı Prezident cənab İlham Əliyevin əlilliyi olan şəxslərə diqqət və qayğısından söz açan ƏƏSMN-nin Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri Saday Abdullayev ölkədə əlilliyi olan şəxslərin tibbi-sosial reabilitasiyası, habelə onların xaricdə bərpa-müalicəsinin təşkili işlərinin daim gücləndirildiyini vurğulayıb: “Bu ayın əvvəlində 28 nəfər əlilliyi olan şəxs Türkiyənin Dənizli bölgəsində yerləşən Nobel Tibb Mərkəzinə yola salınıb. Onlara mərkəzdə yüksək səviyyədə bərpa-müalicə xidməti göstərilib ki, bu da onların səhhətində müəyyən yaxşılaşmaya səbəb olub. Bu, artıq əlilliyi olan şəxslərdən ibarət növbəti qrupdur ki, həmin mərkəzə yola salınır. Beləliklə, son bir ayda Nobel Tibb Mərkəzində bərpa-müalicə kursuna göndərilən əlilliyi olan şəxslərin sayı artıq 57 nəfərdir”.
Şöbə müdiri bildirib ki, sosial proqramların 2015-ci ildə də uğurla davam etdirilməsinin bir təzahürü kimi, cari ildə ƏƏSMN tərəfindən xaricə ixtisaslaşmış bərpa-müalicəsinə göndəriləcək əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sayı ötən ilki ilə müqayisədə 20 faizədək çox, yəni 190 nəfər təşkil edəcək. Onlardan 75 nəfəri sağlamlıq imkanları məhdud uşaqlar olacaq ki, həmin uşaqlar valideynlərindən birinin müşaiyəti ilə yola salınacaq.
S.Abdullayev qeyd edib ki, Türkiyənin Dənizli bölgəsi özünün müalicəvi təbii potensialı, o cümlədən müalicəvi palçıq sahələri, mineral bulaqları, şəfalı havası və suyu ilə tanınan sanator-kurort məkanıdır: “Nobel Tibb Mərkəzində də bu bölgənin müalicəvi resurslarından istifadə olunmaqla səmərəli fizioterapevtik müalicə metodları (hidroterapiya, palçıq müalicəsi, tibbi masaj, sudaxili məşqlər, mexanoterapiya, hidroprosessor və s.) tətbiq olunur. Yola salınan əlilliyi olan şəxslər mərkəzdəki 5 ulduz oteldə yerləşdiriləcək və peşəkar həkim-reabilitoloq personalı tərəfindən onlara lazımi reabilitasiya xidmətləri göstəriləcək. Orada əlilliyi olan şəxslərin bərpa müalicəsinə nəzarət etmək, eləcə də mərkəzin reabilitasiya təcrübəsinin öyrənilməsi üçün ƏƏSMN-nin bir nəfər həkimi də Türkiyəyə ezam edilib”.