İkinci dünya müharibəsində alman nasizmi üzərində qələbənin əldə olunmasında Azərbaycan övladları misilsiz rəşadət göstəriblər. Həmin qəhrəmanlıq salnaməsinin növbəti səhifələrindən biri də Vyana şəhərinin azad edilməsidir. 1945-ci il aprelin 6-13-də baş tutan “Vyana əməliyyatı” sayəsində sovet qoşunları bu şəhərdə və onun ətrafında müdafiə olunan “üçüncü Reyx” ordusunun müqavimətini qıraraq, şəhəri azad edib.
Vyananın azad edilməsində 223-cü Azərbaycan milli atıcı diviziyası da şücaət göstərib. 1941-ci ildə təsis edilən altı Azərbaycan diviziyasından biri olan 223-cü diviziya Mozdokdan başlayaraq Zaqafqaziya, Cənubi Rusiya, Ukrayna, Moldova, Rumıniya, Bolqarıstan, Yuqoslaviya, Macarıstan, Avstriya, Çexoslovakiya və Almaniyayadək şərəfli döyüş yolu keçib. İkinci Ukrayna cəbhəsinin 46-cı ordusu tərkibində Vyananın azad edilməsində göstərdiyi qəhrəmanlığa görə diviziya “Qırmızı bayraq ordeni” ilə təltif olunub.
Üç min kilometrədək döyüş yolu qət edən diviziya 25 min alman zabit və əsgərini, saysız-hesabsız hərbi texnikasını məhv edib. Yuqoslav qoşunları ilə birlikdə almanların 20 minlik Belqrad qrupunu məhv etdiyinə görə, 223-cü atıcı diviziyasına Ali Baş Komandanın əmri ilə “Belqrad diviziyası” fəxri adı verilir.
Vyananın azad edilməsinin 72-ci ildönümü münasibətilə Azərbaycanın Avstriyadakı səfirliyinin əməkdaşları aprelin 13-də Vyana Mərkəzi Qəbiristanlığında İkinci Dünya müharibəsində həlak olmuş əsgərlərin xatirəsinə ucaldılmış abidə önünə əklil qoyub, onların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Mərasim iştirakçıları daha sonra Vyananın mərkəzində yerləşən Şvartsenberq meydanında şəhərin faşistlərdən azad olunmasında qəhrəmanlıq göstərmiş sovet əsgərlərinin şərəfinə ucaldılmış abidə kompleksinin önünə əklil qoyublar.
Qeyd edək ki, İkinci dünya müharibəsində misilsiz qəhrəmanlıq göstərmiş 223-cü Azərbaycan milli atıcı diviziyası haqqında “Xəzərdən Dunayadək” adlı sənədli film (rejissor: Tahir Əliyev) də çəkilib.