BAMF prezidenti Rumıniyanın ölkəmizdəki səfiri ilə görüşüb - FOTOLAR

BAMF prezidenti Rumıniyanın ölkəmizdəki səfiri ilə görüşüb - FOTOLAR backend

“Eurasia Diary” xəbər verir ki, bu gün Rumıniyanın Azərbaycandakı səfiri Dan Yanku Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyevlə görüşüb.

BAMF-ın ofisində baş tutan görüşdə tərəflər səfirliklə təşkilat arasında əməkdaşlıq perspektivləri və başqa məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

U. Mirzəyev təşkilatın yaranma tarixi, müxtəlif sahələri əhatə edən fəaliyyəti və həyata keçirdiyi çoxsaylı layihələr barədə səfirə məlumat verib. O, deyib ki, BMT-nin İqtisadi-Sosial Şurasının (ECOSOC) əsas məşvərətçi statuslu üzvü olan BAMF 1992-ci ildə Azərbaycanda qeydiyyatdan keçmiş müstəqil beynəlxalq qeyri-hökumət təşkilatıdır. BAMF sədri bildirib ki, rəhbərlik etdiyi təşkilat BMT qurumları, Amerika Dövlət Departamenti, Avropa Komissiyası, Dünya Bankı, Beynəlxalq Mətbuat İnstitutu, Beynəlxalq Jurnalistlər Federasiyası, bir sıra ölkələrin Azərbaycandakı səfirlikləri, nazirliklər, agentliklər, habelə regiondakı yerli və beynəlxalq qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq çərçivəsində fəaliyyət göstərir.



BAMF-ın təşəbbüsü ilə yaradılmış 5 dildə fəaliyyət göstərən Eurasia Diary portalı barədə danışan U. Mirzəyev qeyd etdi ki, saytda müxtəlif ölkələri təmsil edən ekspertlərin, müəlliflərin məqalələri mütəmadi olaraq dərc edilir.

İki ölkə arasında iqtisadi, siyasi və ticarət əlaqələrinin inkişaf etdiyini söyləyən səfir bildirib ki, Rumıniya Azərbaycan ilə bütün sahələrdə əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Təşkilatın bu günə kimi həyata keçirdiyi layihələri yüksək qiymətləndirən Dan Yanku qeyd edib ki, Rumuniya səfirliyi BAMF-la yaxından əməkdaşlıq etmək niyyətindədir.



Rumuniyalı diplomat bildirdi ki, iki ölkə arasında əməkdaşlıq üçün böyük imkanlar var. Rumıniyalı alimlərin, politoloqların məqalələrinin Eurasia Diary portalında yerləşdirilməsi imkanlarını dəyərləndirəcəklərini qeyd edən Dan Yanku əlavə etdi ki, bu gün əlaqələrin daha da gücləndirilməsi üçün media əlverişli resursdur.



Səfir aprelin 1-də Beynəlxalq Muğam Mərkəzində BAMF-ın əsas təşkilatçısı olduğu azərbaycanlı, fransız və yunan sənət adamlarının iştirakı ilə keçirilən konsertin onda dərin təəssürat oyatdığını söylədi. O, təklif etdi ki, həm Bakıda, həm Buxarestdə rumın və azərbaycanlı musiqiçilərin də birgə konserti təşkil edilsin.



Təklifi mübət qarşılayan U. Mirzəyev bildirdi ki, BAMF Rumıniya səfirliyi ilə bütün istiqamətlərdə, o cümlədən mədəniyyət sahəsində əməkdaşlığa hazırdır.