Bu gün Bakı şəhəri, Həzi Aslanov adına 175 saylı məktəbdə aprel şəhidlərinin xatirəsinə həsr olunmuş tədbir keçirilib.
QAZİLER.AZ saytı xəbər verir ki, məktəblilərin hazırladığı bədii kompozisiya təqdim olunub.Tədbirdə Azərbaycanın ilk hərbi diktoru, vətənpərvərlik mahnılarının tanınmış ifaçısı Şəmistan Əlizamanlı, tarixçi alim, Bakı Dövlət Universitetinin dosenti Kərəm Məmmədli, Qaziler.az saytının baş redaktoru Rey Kərimoğlu, jurnalist Rəşad Sahil iştirak edib.
Şəmistan Əlizamanlı tədbirdə çıxış edərək aprel şəhidlərinin xalqın yaddaşında ömürlük qalacağını, ordumuzun düşmən tapdağı altında qalan torpaqlarımızı azad etmək üçün böyük potensialının olduğunu deyib. Daha sonra o, öz repertuarından bir - neçə hərbi vətənpərvərlik mahnısı ifa etdi. Tədbir iştirakçıları onun çıxışını və ifasını böyük ruh yüksəkliyi və alqışlarla qarşılayıblar.
Daha sonra çıxış edən BDU-nun dosenti Kərəm Məmmədli aprel döyüşlərinin tarixi əhəmiyyətindən danışıb.
Məktəbin direktoru Qələndər Qələndərli ötən il baş vermiş aprel döyüşlərinin gənclərdə necə ruh yüksəkliyi yaratmasından söz açıb və qonaqlara, o cümlədən təşkilatçılara minnətdarlığını bildirib.
Qeyd edək ki, məktəb binasında vaxtı ilə burada oxumuş məzunlar - 20 yanvar şəhidi Nişenko Andrey Aleksandroviç və 1992-ci ildə Laçın döyüşlərində həlak olmuş Babayev Məhərrəmin xatirə lövhəsi vurulub.
Xatırladaq ki, tədbirin təşkilatçıları məktəbin müəllimələri - Mehriban Əliyeva, Ləman Hüseynli və Almaz Əhmədovadır.
QAZİLER.AZ