Qazilər.az saytına 1-ci qrup Qarabağ qazisi Hacıyev İbrahimin ağır durumda olması ilə bağlı məlumat daxil oldu. Faktı araşdıran zaman bəlli oldu ki, 1970-ci ildə Tərtər rayonunda andan olan İbrahim Hacıyev həqiqətən ağır vəziyyətdədir. Bizimlə söhbətində İ.Hacıyev bildirdi ki, 1991-ci ildə “Tərtər” könüllü batalyonun sıralarında döyüşüb. 1993-cü ildə ağır yaralanaraq II qrup əlil kimi tərxis olunub. Sonradan səhhətində böyrək çatışmazlığı yarandığına görə, əlillik dərəcəsi dəyişilərək I qrup edilib. Hazırda Qarabağ əlili dializ xəstəsidir, böyrəyinin dəyişdirilməsinə ehtiyacı var.
2014-cü ildə Səhiyyə Naziri Oqtay Şirəliyevin Tərtərdə vətəndaşlarla görüşü zamanı nazirin qəbuluna düşərək, dərdini söyləyib. O.Şirəliyev ona müalicəsinə kömək edəcəklərini vəd versə də, ancaq sonradan bu alınmayıb və qismən köməklik göstərməklə kifayətləniblər.“2014-cü ilin payızında Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun qəbuluna gedərək dərdimi ona söylədim və qolumda olan “aparat”ın yenilənməyə ehtiyacı olduğunu da bildirdim. Sağ olsun, İcra Başçısı da öz növbəsində məsələni rayonun baş həkiminə tapşırdı. Ancaq baş həkim Yaşar Hüseynov qolumda olan dializ aparatını almaq üçün imkanlarının olmadığını deyib” – deyən, Qarabağ qazisi bildirdi. O, baş həkimdən də əlini üzdüyündən özü dost-tanışın köməkliyi sayəsində 400 manat düzəldərək həmin “aparatı” alıb.
Özünün dediyinə görə, onu rayon xəstəxanasının baş həkimi az-çox lazım olan dərmanlarla təmin etsə də, ancaq tam müalicə üçün buna imkanları yetmir.
Qarabağ döyüşçüsünün sağlığına qovuşması üçün donora ehtiyac var. Bu müalicə yüksək məbləğə başa gəldiyindən H.İbrahimin bunu gerçəkləşdirməyə imkanları çox məhduddur. Səhhəti ilə əlaqədar olaraq işləmək imkanları olmayan dörd nəfərdən ibarət ailəni təqaüdü ilə dolandırmaq məcburiyyətindədir.
İki övladından biri əsəb xəstəsi olan Hacıyev İbrahimin vəziyyəti getdikcə ağırlaşmaqdadır. O, ümidini əlaqədar qurumlara və imkanı olan xeyirxah insanlara bağlayır.
İbrahim Hacıyevə yardım etmək istəyən şəxslər bu
telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər: (+99450) 677 22 78
Rəşad Sahil