QAZİLER.AZ xəbər verir ki, ötən ilin aprel döyüşlərində torpaqlarımızın qorunmasında mərdliklə döyüşərək şəhid olmuş Azərbaycanın Milli Qəhrəmanı polkovnik-leytenant Murad Mirzəyevin ildönümü ilə əlaqədar onun yaşadığı Bakı şəhərinin Yasamal rayonunda anım günü keçirilib.
Mərasimdə millət vəkilləri, Müdafiə Nazirliyinin, Yasamal rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının nümayəndələri, idarə, müəssisə və QHT rəhbərləri, mərhumun döyüş yoldaşları, Qarabağ qaziləri, zabitlər, ictimaiyyətin təmsilçiləri, məktəblilər, ziyalılar və gənclər iştirak ediblər.Əvvəlcə polkovnik-leytenant Murad Mirzəyevin məzarı ziyarət olunaraq gül dəstələri düzülüb.
Daha sonra keçirilən yas mərasimində Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş, Azərbaycanın Milli Qəhrəmanı Murad Mirzəyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Çıxış edənlər aprel döyüşlərində erməni işğalçılarının cəbhədə törətdikləri təxribatlara Azərbaycan Ordusunun verdiyi layiqli cavabdan, hərbçilərimizin döyüş meydanında göstərdiyi şücaətdən və qazanılan qələbənin əhəmiyyətindən danışıb.
Murad Telman oğlu Mirzəyev- 1976-cı il martın 31-də Sabirabad rayonunun Muğan Gəncəli kəndində anadan olub. Hələ uşaq yaşlarında hərbçi olmaqa can atan Mirzəyev anasının razılığı ilə sənədlərini Cəmşid Naxçıvanski adına Hərbi Liseyə verib. 1991-1994-cü illərdə bu hərbi liseydə təhsil alan Murad Mirzəyev daha sonra təhsilini Türkiyədə davam etdirib və 1998-ci ildə Ali Hərbi Məktəbi bitirib. Nəticədə Murad Mirzəyev Amerika Birləşmiş Ştatları, Rumıniya və İordaniyada baş tutan hərbi təlimlərə qatılır.
Murad Mirzəyev 2004-cü ildə ailə həyatı qurub.
Azərbaycanın Milli Qəhrəmanı, Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, Xüsusi Təyinatlı Qüvvələrin zabiti olan Murad Mirzəyev 2016-cı ildə aprel döyüşləri zamanı şəhid olub.
Murad Mirzəyevin 2009-cu il təvəllüdlü Nurlan və 2011-ci il təvəllüdlü Dəniz adında iki övladı yadigar qaldı.
Qeyd edək ki, Xüsusi Təyinatlı Qüvvələrin polkovnik-leytenantı, Milli Qəhrəman Murad Mirzəyevin xatirəsini əbədiləşdirmək məqsədi ilə Bakı şəhərində yaşadığı binaya onun barelyefi vurulub.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Sevda Elay (Əsgərova)
QAZİLER.AZ