MTN generalları həbs olundu, onların varlanmasına yol açan qanunlar dəyişmədi Sabunçu Rayon Məhkəməsində ləğv edilmiş MTN-in sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natəvan Mirvətova, həmin qurumun vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev və Elşad Əzizovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.
Məhkəmə prosesi boyu ifadə verənlərin bir çoxu qızıl-zinət əşyalarının, brilyant satışı ilə məşğul olan şəxslərdir. Sonuncu məhkəmə proseslərindən birində zərərçəkmiş şəxslərdən olan Aslan Cahangirov deyib ki, Azərbaycana qızıl bir qayda olaraq qaçaq yolla gətirilir. Məhkəmədə qızılın ölkəmizə qaçaq yolla gətirilməsinin səbəbi araşdırılmayıb. Heç ibtidai istintaq zamanı da bu məsələ araşdırma predmeti olmayıb.Qızıl-zinət əşyaları alverçiləri deyirlər ki, Azərbaycan qanunlarındakı ağlasığmaz tələblər bu sahəni - qızıl-brilyant biznesini “qanundan kənar” vəziyyətə salıb.
Hazırda məhkəmə qarşısına çıxarılan MTN generalları da bundan xəbərdar olublar. Qanuni yolla ölkəmizə gətirilən qızıl-brilyanta görə rüsumların həddən artıq çox olması qaçaqmalçıları qeyri-qanuni yollara həvəsləndirib. MTN generalları isə bundan istifadə ediblər.
Qanunların qaçaqmalçıya çevirdiyi iş adamlarını tutublar. Sonra isə onları həbs etməmək üçün külli miqdarda pullarını əllərindən alıb özlərini də təsir altında saxlayıblar. MTN generalları həbsdədir, qanunlar isə dəyişməyib. Qızıl-zinət əşyaları satan mağazaların piştaxtalarından da belə mallar azalmayıb. Deməli, qiymətli zinət əşyalarının ölkəmizə daşınması davam edir.