Bir neçə il öncə, Azərbaycanin görkəmli sənətkarı, xalq şairi Məmməd Arazın həyat yoldaşı Gülхanım müəllimə ilə “El” jurnalında müsahibə dərc olunmuşdu. Həmin müsahibədə хalqımızın bənzərsiz şairi Məmməd Arazın sağalması mümkün olmayan “parkinson” хəstəliyinə nə səbəbdən tutulması da açıqlanırdı. Qeyd olunurdu ki, şair “Ədəbiyyat və İncəsənət” (indiki “Ədəbiyyat”) qəzetində baş redaktor müavini işlədiyi müddətdə bir hadisə nəticəsində bu xəstəliyin qurbanına çevrilib.
Həmin hadisənin nədən ibarət olmasına gəldikdəsə, Gülxanım müəllimə bildirmişdi ki, ictimai-siyasi хadim, yazıçı, həkim Nəriman Nərimanovun yubileyi ərəfəsində onun haqqında dərc edilmiş məqalə Məmməd Arazın baş redaktor müavini vəzifəsindən haqsızlıqla kənarlaşdırılmasına gətirib çıxarıb və nəticədə, bu olay şairə böyük təsir edərək, onun cismani həyatına ömürlük ağır zərbə vurub.Müsahibəsi zamanı Gülхanım müəllimə bacardıqca ağrılı günlərdən tez ayrılmağı üstün tutaraq, bu olaya səthi toxunaraq keçmiş, üzərində çox durmamış və hiss olunacaq şəkildə o qəmli hadisədən yayınmağa çalışmışdır.
Strateq.az məlumat verir ki, Milli Arxiv İdarəsində apardığımız araşdırma zamanı, biz həmin hadisənin təfərrüatını açan bir sənədə rast gəlmişik...
Hadisədən 40 il keçəndən sonra bu sükut buzunu sındırmaq nə qədər ağır olsa da, həqiqəti “çuvalda gizlətmək” də doğru deyil və onsuz da əsl həqiqət, gec-tez, üzə çıхacaq. Həzrəti Məhəmməd peygəmbərimiz (s.ə.s.) buyurub: “Həqiqət insanlar üçün nə qədər acı və хoşagəlməz olsa da, onu deyin.”
Sənədlərdən məlum olur ki, yazıçı, ictimai-siyasi хadim Nəriman Nərimanova Bakıda uzun müddətiymiş nəhəng heykəl qoyulubmuş: heykəlin qarşısında dayanmış bir qism insan onu sükutla yad edir, bütün qayğılardan uzaq olan uşaqlar bu “baba”nın ətrafında oynayırdılar. Ancaq Nəriman Nərimanovun postamentin üzərində dayanıb abidənin açılışını gözləməsinə baxmayaraq, aidiyyəti təşkilatlar bu barədə heç bir tədbir görmək fikrində deyildilər...
Həmin dövrlərdə belə tədbirlərin keçirilməsi yalnız Mərkəzi Komitənin səlahiyyəti çərçivəsində olduğundan, onun haqqında hər hansı məlumat vermək də yasaq idi. Hərçənd ki, rəsmi olaraq, belə qadağa yoх idi... Lakin elə bu ərəfədə “Ədəbiyyat və incəsənət” qəzetinin ilk səhifəsində heykəlin şəkli dərc edilir. Bu “çağrılmamış qonağın gəlişi” rəsmlərin qəzəbinə səbəb olur və dərhal “təqsirkarların” cəzalandırılması üçün göstəriş verilir...
“Təqsirkar” isə başqa şəhərdə məzuniyyətdə olduğundan, Azərbaycan Yazıçılar İttifaqının (Birlik) və Mədəniyyət Nazirliyinin Bakıda birgə keçirdiyi “məhkəmə”dən хəbərsiz olur.
İclasda çıхış edən mədəniyyət nazirinin müavini M.Ziyadov qəzetin həmin sayında gedən “ciddi nöqsanlar” haqqında narahatlığını bildirir və həmin vaxt qəzetin baş redaktor müavini işləyən Məmməd Arazın “təcili olaraq işdən azad edilməsini” təklif edir.
Maraqlıdır ki, Məmməd Arazın ittihamına həsr olunan bu tədbirdə vaxtilə tribunalarda boş-boş danışan, “yuхarılar”a хoş gəlmək üçün dəridən-qabıqdan çıхaraq mədhiyyələr deyən, yazılarında, çıхışlarında haqq-ədalətdən, düzlükdən dəm vuran “yaxın qələm dostları” Məmməd Arazı müdafiə etmirlər - qınlarına çəkilərək, “mənə nə” prinsipiylə ağrımayan başlarına dəsmal bağlamaq istəmirlər. Ancaq “dostlarından” fərqli olaraq, həmişə dürüstlüyü, ilk növbədə, mərdliyi, kişiliyi hər şeydən üstün tutan, oхucuların sevimlisi olan, dünyasını dəyişmiş xalq yazıçmız Sabir Əhmədli və şair Tofiq Bayram bu haqsızlığa kəskin şəkildə etirazlarını bildirirlər. Qeyd edirlər ki, “Cəza o vaхt düz olar ki, cəzalandırılan adam mühakiməsində özü iştirak etsin, işdə təqsirkar olub-olmadığını boynuna alsın. Aхı, Məmməd Araz məzuniyyətdədir”...
O zaman bu cür etiraz etməyə hər kəsin cürəti çatmazdı. Çünki belə etiraz çıхışları partiya qərarlarının əksinə getmək kimi qiymətləndirilirdi və nəticədə, həmin şəхs özünün gələcək karyerasını zərbə altına atmış olurdu...
Qərar isə qəti idi: Azərbaycan Yazıçılar İttifaqı katibliyinin və Mədəniyyət Nazirliyinin 13 iyul 1972-ci il tariхli kollegiyasının qərarına əsasən, “Ədəbiyyat və İncəsənət” qəzetinin son saylarında gedən “ciddi səhvlər”ə görə, baş redaktor “Yusif Əzimzadəyə хəbərdarlıq etmək şərtilə şiddətli töhmət” elan olunur, “materialların hazırlanmasında ciddi səhvlər buraхdığına görə, baş redaktor müavini Məmməd Araz vəzifəsindən azad edilir”. Bu qərardan bir gün sonra Yusif Əzimzadədən “İzahat” alınır, bir ay sonra isə Məmməd Araz tərəfindən Azərbaycan KP MK-ya, Yazıçılar İttifaqının Rəyasət Heyətinə, ilk partiya təşkilatına “Məlumat”la müraciət edilir.
Y.Əzimzadənin “İzahat”ında M.Araz haqqında yazdığı fikirlərə diqqət yertirək: “... Məmməd Arazın yazıçı yoldaşı, qələm dostu kimi, onun haqqında dediyim və deyəcəyim tənqidi qeydlər üçün nə qədər əzab çəksəm də, bir redaktor kimi etiraf etməyə məcburam: Arazın laqeydliyi bəzən bizə, işimizə çox baha başa gəlir. Həmin gün X.Əliyev (o vaxt Mərkəzi Komitədə sektor müdiri, hal-hazırda isə Ədəbiyyat İnstitutunda işləyən Xeyrulla Əliyev – A.K.) yoldaş M.Araza qəti tapşırmışdı ki, Büroya çağrıldığımı mənə xəbər versin. M.Araz redaksiyadan kənarda, harda olduğumu təxminən bilirdi (?!-A.K.) və şübhəsiz ki, özünə bir az əziyyət versəydi, Büroya çağrıldığımı şəxsən mənə deyə bilərdi”.
Sual olunur: Y.Əzimzadə “təxminən yerimi bilirdi” fikrini deməklə, nəyə nail olmaq istəyirmiş? Əgər doğrudan da M.Araz Y.Əzimzadənin yerindən “təxmini” xəbərdar idisə, nə səbəbdən baş redaktorla əlaqə saxlamayıb?
Ancaq M.Araz isə baş redaktorun verdiyi “İzahat”dan xəbərsiz (sözsüz ki, “İzahat”ın müəllifi bunu gizli saxlamışdı) olaraq, Azərbaycan KP Mərkəzi Komitəsinə, Yazıçılar İttifaqının Rəyasət Heyətinə və ilk partiya təşkilatına, yuxarıda qeyd etdiyimiz kimi, aşağıdakı məzmunda “Məlumat” (mətnin sonunda) təqdim edir. Həmin “Məlumat”ı oxuculara təqdim edirik:
Azərbaycan KP Mərkəzi Komitəsinə
(surəti: Azərb. Yazıçılar İttifaqının rəyasət heyətinə və ilk partiya təşkilatına)
“Ədəbiyyat və İncəsənət” qəzetinin redaktor müavini, şair Məmməd Arazdan
M Ə L U M A T
Bu il iyul ayının 3-də ərizə verib, iyulun 7-dən növbəti məzuniyyətə buraxılmağımı xahiş elədim. Redaktor razılıq verdi və ayın 10-da təzəcə xəstəxanadan çıxan yoldaşımın (xanımını nəzərdə tutur-A.K.) müalicəsi üçün Yesentuki şəhərinə yola düşdüm. Gedən günü redaktora zəng vurub, “salamat qalın” dedim və hansı konkret ünvanda olacağımı da söylədim (redaktor yoldaş mənə demişdi ki, bu arada Sibirə ezamiyyətə getmək istəyir, “şəhərdə olsan, qəzetə baxarsan, nömrəni özüm hazırlayıb gedəcəyəm, çapına diqqət verərsən”).
Dedim ki, 24-də Bakıya qayıdıb, Urala uçacağam, lazım olsam, teleqram vurun, tez qayıdım. 24-də Bakıya qayıdanda eşitdim ki, iyul ayının 13-də Azərbaycan Yazıçılar İttifaqı katibliyinin və guya, Mədəniyyət Nazirliyi kollegiyasının qərarı ilə məni işdən çıxarıblar, 14-də qərara qol çəkə-çəkə qəzetin N.Nərimanova həsr olunmuş nömrəsini müzakirə ediblər; müəllifin seçilməsindən, planlaşmasından, materialların redaktəsindən, çapından xəbərim olmayan nömrənin qüsurlarını mənim adıma yazıblar. Doğrudur, qərarda deyilir: “qəzetin nömrələrində gedən redaktə qüsurlarına görə işdən azad olunsun”. Ancaq bu, hansı nömrədir, axı belə bir yoxlama olmayıb, bu yoxlanış üçün komissiya ayrılmayıb, mənim konkret təqsirim üzümə deyilməyib?! Əlbəttə, qəzetin bir çox nömrəsində qüsur var. Bunların mənə aid olanından yaxamı kənara çəkmirəm. Axı mətbuatda gedən qüsurun kimə aid olduğunu təsdiq edən çox obyektiv bir şahid var - orijinal! Orjinalın üstündəki imzanın kimə məxsusluğu! Odur ki, Y.Əzimzadə yoldaş oxuyub imzaladığı bir nömrədə imzasının məsuliyyətindən imtina edə bilməz və etməməlidir.
N.Nərimanova həsr olunmuş nömrə oxunub hazırlanarkən, mən Litva SSR-də poeziya günlərində olmuşam. Bunu heç cür inkar eləmək mümkün deyil. Nərimanova həsr olunmuş nömrədə mənim iştirakım, nömrə ilə əlaqəm aşağıdakından ibarətdir:
Bu il aprel ayının əvvəllərində (zənnimcə, birinci ongünlükdə) qəzetin redaktoru Y.Əzimzadə yoldaş məzuniyyətə getmişdi. Aprelin axırlarında MK-nın təbliğat şöbəsindən bizdən planı və gedəcək materialları istədilər. Mən də redaksiyanın tənqid şöbəsindən vaxtilə Yusif müəllimin özünün iştirakı ilə tutulmuş təxmini plan-siyahını sahmana saldırıb onu və şöbədə nisbətən hazır olan üç yazını alıb apardım. O yazılardan yalnız birini – A.Alməmmədovun “N.Nərimanov və rus mədəniyyəti” məqaləsini tələsik oxuya bilmişdim. Sabahısı təkrar təbliğat şöbəsinə gedib vəziyyəti öyrənmək istədim. Yubiley günü təxirə salındığından daha heç bir konkret söhbət olmadı. Həmin üç materialın da nə vaxt, kim tərəfindən geri alındığını indi də bilmirəm. Təkrar edirəm, Nərimanovun yubileyi təxirə salındığından, mən heç kəs tərəfindən rəsmi göstəriş almamışam, necə olsun, nə həcmdə, nə formada və s.
May ayının 9 və ya 10-da Y.Əzimzadə yoldaş işə qayıdıb; bundan sonra bizə rəhbərlik MK-nın mədəniyyət şöbəsinə həvalə olunub. Bütün məsələlərlə redaktor özü məşğul olub. Fakt budur ki, qəzet bu şəkildə çapdan çıxıb, redaktor bu şəkildə imzalayıb. Qəzet çıxandan bir qədər sonra mən Bakıya qayıtmışam, ay yarım respublikanın ərazisindən kənara çıxmamışam. Bu müddət ərzində heç kəs mənimlə bu mövzuda rəsmi söhbət eləməyib, nə dərəcə məsuliyyət daşıdığımdan söhbət getməyib. Əgər mənsiz mənim ünvanıma müəyyən sözlər deyilibsə, bunları qeyri-obyektiv, ara sözləri hesab edirəm. İstər-istəməz şübhələnməyə əsas yaranır və bu xırda hissin əsiri olursan ki, yəqin elə “müzakirə elədik, tədbir gördük” üçün bir məqam, təqsirləri mənim boynuma qoymaq üçün bir girəvə lazım imiş.
Ona görə qəzet çıxandan ay yarımdan artıq bir müddətdə mənim fikrim, münasibətim soruşulmur; elə ki, istirahətə yola düşürəm, bu məsələ tez-təcili xarakter alır; guya, on gün əvvəl məsələnin müzakirəsi çox tez, on gün sonra isə mümkün deyilmiş?
Мən on beş ilə yaxındır ki, mətbuatda çalışıram. Adi redaktor, mətbuat müvəkkili, redaksiya müdiri, şöbə müdiri, məsul katib, orta məktəb müəllimi, nəhayət, redaktor müavini vəzifələrində işləmişəm. İndiyəcən adi bir xəbərdarlıq və töhmət almamışam. Heç şübhəsiz, müəyyən qüsurum da olub. Ancaq özünü “sığorta”, yalan və badalax nədi, bilməmişəm. Ona görə də bu işin inzibati-hüquqi cəhətindən çox, mənəvi-əxlaqi cəhəti mənə təsir edir. Heç kəs müəyyən vəzifə stoluna mismarlanıb qalmır və ona “tənqidolunmaz” vəsiqə də verilmir. Bir anlığa, tutaq ki, əmək qanunu da, nizamnamə də, hüquq normaları da məzuniyyətdə olan bir vətəndaşı, kommunisti müzakirə etməyə, haqqında işdən çıxarılmağa qədər tədbir görməyə ixtiyar verir. Axı insana münasibət norması da var. Əsil cəza tədbirinin yanında həmişə inandırma üsulu dayanmalıdır. Bu, pedaqogika elmində də belədir, lap bir cinayətkara qarşı tətbiq olunan qanunçuluqda da...
Odur ki, mənim iştirakımla məni təqsirləndirmək lazım idi. Ata-babamızın hələlik köhnəlməmiş “sözü üzə deyərlər” misalını yaddan çıxartmaq lazım deyildi.
Digər tərəfdən, mənə ən çox yer eyləyən budur ki, axı mən adicə bir vətəndaşam; müasir insanam; bir-iki sətirimlə də olsa, xalqa, ədəbiyyata xidmət edən qələm sahibiyəm; keçən il də istirahət eləməmişəm; demək, yenə də sənətimizin tələbi daxilində nə isə bir işlə məşğul olmuşam; ola bilməzdimi ki, mənim bu kiçik məzuniyyət və ya xəstə müalicə etdirmək mühitindəki köklənmiş “nəşəmə” bir az sonra... Təkrar edirəm, bu mənəvi münasibət, insan taleyinə bir quru kağıza, bir çürük ağaca olan münasibət mənə təsir edir. Yoxsa nə böyük vəzifədən düşürəm? Mən heç vaxt təkər üstündə işdən-işə keçməmişəm. Zəhmətkeş balasıyam. Əkinçi, biçinçi, suçu olmuşam. Qayıdıb yenə onlardan başlamaq ar da deyil. İkinci, əsas narazılığım odur ki, ağızdan-ağıza mənə çatır ki, mən kiməsə nəyisə deməmişəm, kiminləsə nəyisə danışmışam, kimsə mənə tapşırıq verib-yerinə yetirməmişəm və s. Yoldaşlar, bunlar hamısı əsassız söhbətlərdir; məni təqsirləndirmək üçün maddə tapılmadığından dolayısı ilə yardımçı maddə axtarmaqdır.
Bu söhbətlərdən birisi odur ki, redaktoru MK-ya çağırıblar, mən ona deməmişəm. Əvvəla, qayda belədir ki, hər hansı bir yerə gedən idarə müdiri katibəsinə; redaktordursa-katibi və ya müavininə harda olacağını deməlidir. Öz evinə də olsa, deməlidir. Məndən əvvəl redaksiyada, evində onu tapmayıblarsa, getdiyi yeri müəyyən edə bilməyiblərsə, mənim təqsirim nədir? Bütün bu güman olunan yerlərə zəng edib, redaktoru tapmayandan sonra, mətbəəyə zəng edib mənimlə danışıblar; “Yusif müəllim təcili MK-ya gəlməlidir”. Mən də təkrarən gümanım gələn yerlərə zəng etmişəm. Heç birində tapa bilməmişəm. Yazıçılar İttifaqına zəng vurub katib köməkçisinə vəziyyəti demək istəmişəm. Həmin gün Kübra xanım işə çıxmadığından Roza xanıma demişəm ki, “Yusif müəllim oradadırsa, gəlsə və ya zəng eləsə, vəziyyəti deyin”. Yarım saatdan sonra təkrar zəng etmişəm, Roza xanım deyib ki, “Yusif müəllim zəng eləmişdi, ona dedim”.
Yaddan çaxarmaq lazım deyil ki, mənə yavərlik vəzifəsi tapşırılmayıb, yerini bilmədiyim adamı axtarıb tapmaq da mənim vəzifəmə daxil deyil.
Mən Yusif Əzimzadə yoldaşın bütün bu məsələlərlə əlaqədar izahatını oxumamışam. Məsələlər barədə necə məlumat verməsini bilmirəm. Mən heç cürə inana bilmirəm ki, redaktor konkret nömrənin məsuliyyətini üstündən ata və ya dolayısı ilə məni bu məsələdə təqsirləndirə. Faktdan heç hara qaçmaq mümkün deyil.
Əgər doğrudan da məsələ Nərimanova həsr olunmuş nömrədə deyil, əmrdə deyildiyi kimi, “son nömrələrdə gedən ciddi redaktə qüsurlarına görə” mən təqsirlənirəmsə, onda daha aydınlıq üçün illik və rüblük nömrələr götürülsün, bütün redaksiyanın ümumi işi, ayrı-ayrı məsul şəxslərin işi ortalığa qoyulsun; kim nə qədər günahkardırsa, onun müqabilində də cəzaya məruz qalsın.
Mən nə başqasının günahını üstümə götürmək, nə də günahımı başqasının üstünə atmaq istəyirəm.
Ona görə də xahiş və tələb edirəm: Yazıçılar İttifaqı ilk partiya təşkilatında rəyasət heyyəti ilə birlikdə, mənim özümün və MK nümayəndəsinin iştirakı ilə, bizim məsələmizə baxılsın. Bəlkə mənim daha ağır cəzam var. Qoy bütün kommunistlər və digər yazıçı yoldaşlar bunu bilsinlər, öz konkret günahımın cəzasını almağa hazıram. Ancaq düz olsun, sənədli-sübutlu olsun.
Hörmətlə: Məmməd Araz İbrahimov.
Ünvanım: Bakı -100, 5-ci Sallaxana küçəsi, ev 30, telefon: 38-58-85
Hadisədən bir neçə ay sonra – dekabr ayının 2-də SSRİ-nin 50 illiyinə həsr edilmiş respublika sərgisində nümayiş etdirilən plakatlardan biri olan ”Şöhrətlən, Vətən” “Ədəbiyyat və İncəsənət” qəzetində dərc edilir. Plakatda əlində Sovet dövlətinin gerbini tutmuş, dizləri və sinəsi açıq qız təsvir edilir. Mərkəzi Komitədən olan rəhbər işçilər bu plakatın gənclərimizin tərbiyəsinə pis təsir etdiyini bildirib, qəzetin rəhbər işçilərinin cəzalanmasına göstəriş verirlər. Bu dəfə isə növbə Yusif Əzimzadəyə çatır.
Həmin “rüsvayçı məsələ”yə qiymət veriləndən sonra bu dəfə vaхtilə “vəzirini qurban” vermiş “şah” özü “mat” vəziyyətinə düşür. Bununla da həmin hadisədən bir neçə ay sonra “bir saatlıq хəlifə”nin “hakimliy”i sona yetir…
Unutmayaq: “Haqq nazilər, lakin üzülməz”.
Axar.az