Ukraynanın Azərbaycandakı səfirliyi Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) ofisində mətbuat konfransı təşkil edib. Tədbirdə Truskavets şəhərinin meri Andrey Kulçinskinin başçılıq etdiyi nümayəndə heyəti də iştirak edib.
Ukraynanın turizm imkanlarına həsr edilmiş mətbuat konfransında giriş sözü ilə çıxış edən BAMF-ın prezidenti Umud Mirzəyev qeyd etdi ki, iki ölkə arasında əlaqələr bütün sahələrdə inkişaf edib. U. Mirzəyev bildirdi ki, iki ölkə arasında turizm imkanlarının təşviqi baxımından belə səfərlərin və tədbirlərin əhəmiyyəti böyükdür.
Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişşenko çıxışında ölkəsinin turizm potesialı barədə iştirakçılara geniş məlumat verdi. O qeyd etdi ki, Azərbaycan və Ukrayna xalqları arasında həmişə dostluq münasibətləri olub və bu gün də bu əlaqələr yüksək səviyyədədir.

Truskaveç şəhərinin meri A. Kulçinski tədbirdə iştirak edən jurnalistlərə şəhərin sanatoriya- istirahət kompleksləri, xüsusilə də “Karpat dağları” SİK–nin turizm potensialı və imkanları barədə məlumat verdi. A. Kulçinski Truskavets şəhərindəki turistlərin sayının artması istiqamətindəki müsbət tendensiyaları qeyd etdi. Bununla əlaqədar olaraq, A. Kulçinski Ukraynada və xüsusilə də, Truskavetsdə digər dövlətlərin vətəndaşlarının yaşamasının maksimum təhlükəsizliyinin təmin edilməsinə Ukrayna tərəfinin xüsusi diqqət ayırdığını qeyd etdi.


Qeyd olundu ki, şəhərin təhlükəsizliyi polis və küçə müşahidə kameraları vasitəsilə təmin edilir. Bundan əlavə pansionat və sanatoriyaların özlərində də təhlükəsizliyə böyük diqqət ayrılır. Mer qeyd etdi ki, azərbaycanlı turistlər şəhərin xarici qonaqları arasında birinci yeri tutur. Onun sözlərinə görə, buna həm də Bakı və Kiyev, eləcə də, Lvov arasında olan mütəmadi avia reyslər təsir edir.

Bundan əlavə Azərbaycandan olan turistlərin normal şəraitdə və rahat yaşaması üçün Truskavetsdə Azərbaycan mətbəxinin yer aldığı bir neçə restoran fəaliyyət göstərir, bəzi otellərdə Azərbaycana məxsus elementlərdən istifadə olunur. Bundan başqa, mer Azərbaycandan Truskavetsə investisiya yatırımının artırılması kimi müsbət tendensiyanı qeyd etdi.


Daha sonra Truskavets şəhərinin meri və Ukraynanın Azərbaycandakı səfiri jurnalistlərin suallarını cavablandırdılar.

Tədbirin sonunda jurnalistlər arasında “Hər şey daxil” sistemi ilə iki nəfərin10 günlüyünə (yaşamaq, yemək, tibbi prosedurlar daxil) Karpat dağları sanatoriya-istirahət kompleksində istirahət etməsi üçün uduş oynanıldı.