Əli Həsənov: Milli Atlas Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli işinə öz mühüm töhfəsini verəcək

Əli Həsənov: Milli Atlas Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli işinə öz mühüm töhfəsini verəcək backend

"Qədim dövrdən bəri yaşamaq uğrunda mübarizə aparan qəbilə və xalqlar həm məskunlaşdıqları əraziləri, həm də ətrafdakı insanları öyrənməyə çalışmış, əldə etdikləri məlumatları və bilikləri müxtəlif formalarda əks etdirərək bir-birilərinə çatdırmışlar. Belə formalardan biri də universal ünsiyyət vasitəsi olan, fərqli dillərdə danışan insanların başa düşə biləcəyi kartoqrafik təsvir və materiallardır".

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) birgə təşkilatçılığı ilə "Azərbaycan Respublikasının Milli Atlası" və "Cənubi Qafqaz: 1903-cü il" xəritəsinin təqdimatında çıxışı zamanı deyib.

Ə.Həsənovun sözlərinə görə, mütəxəssislər belə hesab edirlər ki, kartoqrafiya hətta yazıdan da əvvəl əmələ gəlib: "Bu sahə ildən-ilə təkmilləşir və dövlət və cəmiyyət üçün onun əhəmiyyəti daha da artır. Azərbaycan alimləri və mütəxəssisləri milli xəritəçəkmə mədəniyyətinin tərəqqisi istiqamətində mühüm uğurlara imza atıblar. Hələ sovet dövründə ölkənin fiziki, coğrafi, geoloji, siyasi və inzibati xəritələri hazırlanıb. Lakin ölkəmiz müstəqillik qazandıqdan sonra bu sahənin elmi-praktiki, təsərrüfat əhəmiyyəti, siyasi və ideoloji xüsusiyyəti artıb. Erməni ekspansionistlərin xəritə və atlaslardan ölkəmizə qarşı silah kimi istifadə etməsi bu məsələnin nə qədər vacib olduğunu göstərir. Dövlətin öz məqsədlərinə çatması yolunda kartoqrafik materialların əhəmiyyətini və təsir imkanlarını mühüm qiymətləndirən ümummilli lider Heydər Əliyev bu sahənin inkişafına xüsusi həssaslıqla yanaşıb".

PA rəsmisi bildirib ki, 2001-ci ildə ölkədə struktur islahatları aparılarkən kartoqrafiya problemləri diqqətdən yayınmayıb, müasir dövrdə mövcud resurslardan daha səmərəli istifadə etmək üçün Dövlət Topaq və Xəritəçəkmə Komitəsi yaradılıb: "Tədqiq olunmuş məlumatlar və statistik göstəricilər Azərbaycanda kartoqrafiya sahəsində yeni inkişaf mərhələsinin İlham Əliyevin adı ilə bağlı olduğunu söyləməyə əsas verir. Prezidentin müstəsna xidməti və himayəsi sayəsində 2003-cü ildən indiyə qədər respublikada 200-dən çox xəritə və atlas nəşr olunub. Bu sahədə ana dilində çap olunmuş topoqrafik xəritələr, ölkənin ekoloji, torpaq, turizm və sair atlaslarını qeyd etmək yerinə düşər. Son 10 ildə dövlət sərhədlərinin delimitasiyası sahəsində görülən işlərin nəticələri ictimaiyyətə məlumdur. Bu sahədə indiyədək həyata keçirilən işlərin mahiyyətini azaltmadan qeyd etmək olar ki, kartoqrafiyanın şah əsəri bu gün təqdimatı keçirilən Milli Atlasdır. Prezident İlham Əliyevin 2011-ci il 20 aprel tarixli sərəncamına əsasən hazırlanan bu fundamental nəşr ölkəmiz haqqında mühüm informasiya mənbəyi, analitik material, sosial-iqtisadi inkişaf üçün tələb olunan biliklərin məcmusudur. Bu nəşrdə Azərbaycanın mədəniyyəti, iqlimi, flora və faunası, yeraltı və yerüstü sərvətləri, iqtisadiyyatı və digər sahələr haqqında mötəbər məlumatlar toplanıb".

Ə.Həsənov qeyd edib ki, atlasdakı qiymətli elmi məlumatlar, 1000-ə yaxın xəritə, diaqram və cədvəl, arayışlar, qrafika və illüstrasiyalar redaksiya heyətinin və bütün mütəxəssislərin gərgin əməyinin nəticəsidir: "Beynəlxalq təcrübə göstərir ki, milli atlasları yalnız müstəqil dövlətlər hazırlayır. Hazırda dünyadakı 200-dək dövlətdən təxminən yarısının atlası yoxdur. Qərb ölkələri bu prosesi hələ ötən əsrin 70-90-cı illərinin ortalarından başlayıblar. Biz postsovet ölkələri arasında 5-ci ölkəyik ki, milli atlasımızı buraxırıq. Bizdən əvvəl Rusiya, Belarus, Ukrayna və Qazaxıstan milli atlaslarını hazırlayıblar. Təbii ki, Azərbaycanın Milli Atlasının ərsəyə gəlməsi həm dövlət müstəqilliyimizin bizə bəxş etdiyi tarixi nailiyyət, həm xalqımızın yüksək intellektual potensialının göstəricisi, həm də son illər sosial-iqtisadi sahədə qazanılan uğurların nəticəsidir. Hazırda Azərbaycan Milli Atlasının tərtibatında da 2 süni peykimizin imkanlarından da istifadə olunub. Bu gün Azərbaycan dünyanın kosmik dövlətləri ilə bir sıradadır. Bu faktın özü Azərbaycanın nə qədər inkişaf etdiyinin bariz göstəricisi hesab oluna bilər".

O, hesab edir ki, atlas cəmiyyətimiz üçün bir neçə aspektdən önəmli olacaq: "Əvvəla, Atlas vətəndaşlar, xüsusilə də gənc nəsil üçün maarifləndirici funksiya daşıyır. Belə ki, tariximiz, mədəniyyətimiz, iqtisadiyyatımız, təbii sərvətlərimiz barədə dəqiq məlumatlar və doğru biliklər əldə etmək, ölkəmizin hər bir güşəsini daha yaxından tanımaq imkanı yaranacaq. Digər tərəfdən, təhsil alan gənclərimiz və yeniyetmələrimiz bu tipli vəsaitlərlə işləmək vərdişləri qazanacaq ki, bu da onların dünyagörüşünün genişlənməsinə, intellektual səviyyələrinin artmasına səbəb olur. Atlas Azərbaycanın mili maraqlarının qorunması, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli işinə də öz mühüm töhfəsini verəcək. Ermənistan və erməni diasporu uzun illərdən bəri müxtəlif saxta xəritələr hazırlayaraq onlardan ölkəmizə və xalqımıza qarşı geniş istifadə edirlər. Azərbaycanın Milli Atlasının nəşr edilməsi, xarici ölkələrə, beynəlxalq təşkilatlara və tanınmış kitabxanalara göndərilməsi regionun tarixi və coğrafiyası, burada gedən proseslərin mahiyyəti ilə bağlı erməni yalanlarının ifşasına əlavə imkanlar yaradacaq".

PA rəsmisinin fikrincə, bu baxımdan atlasın tarix bölməsinə geniş materialların yerləşdirilməsi müsbət haldır: "Azərbaycanın müxtəlif dövrlərdə hazırlanan kartoqrafik materiallarındakı təsvirlər, bu torpaqlarda yaranan qədim dövlətlər və abidələr haqqında xəritələr mühüm əhəmiyyət kəsb edir. Bundan başqa, xəritələr 1988-1993-cü illərdə Ermənistanın Azərbaycana təcavüzü nəticəsində qaçqın və məcburi köçkünlərin kütləvi köçü, münaqişələrin və qırğınların baş verdiyi məkanlar, etnik təmizləmələr və işğal edilmiş ərazilər barədə ətraflı təsəvvür yaradılması üçün olduqca faydalıdır. Atlasda Azərbaycanın sosial-iqtisadi göstəricilərini əks etdirən bölmələr xüsusi sahələr üzrə təqdim olunur. Xəritədə cədvəllər və digər materiallar sənaye, kənd təsərrüfatı, təhsil, mədəniyyət, idman və s. sahələrdə respublikanın dinamik inkişafını izləməyə imkan verir. Bu, ölkəmizin potensialı haqqında dolğun təsəvvür yaradılmasına və nəticədə xarici investisiyanı və turistlərin cəlb edilməsi üçün zəruri mühitin formalaşmasına kömək edir".
Diaspora