Milli.Az Regional TV kanalına istinadən xəbər verir ki, Şabran şəhər 3 saylı orta məktəbdə milli qəhrəman Samir Zülfüqarovun büstü açılıb. Bu münasibətlə təşkil olunan toplantıda Milli Qəhrəmanın ailəsi, RİH başçısı Novruz Novruzov və məktəbin kollektivi iştirak edib. Çıxış edən RİH başçısı Novruz Novruzov bildirib ki, hər zaman Azərbaycanın müstəqilliyinə, ərazi bütövlüyünə, dövlətçiliyinə zərbə vurmaq istəyən qüvvələr olub. Lakin xalqımızın güclü iradəsi və qəhrəman oğullarımızın səyi nəticəsində belə qüvvələr məhv edilib.
Milli Qəhrəmanın anası Gülgəz Zülfüqarova deyir ki, Samir şeir yazmağı çox sevirdi. Amma təəssüflər olsun ki, Samirin şeir dəftəri ömrü kimi yarımçıq qaldı.
Daha sonra Şabran RİH başçısı Novruz Novruzov milli qəhrəman Samir Zülfüqarovun büstünün və məktəbin 8 şəhid məzununun xatirə lövhəsinin açılışını bildirən ağ örtüyü açıb.
Samir Xəlil oğlu Zülfüqarov 1976-cı il 3 iyulunda Şabranın Ağbaş kəndində zəhmətkeş ailədə doğulub. 1994-cü ildə Şabran rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb. Samir Zülfüqarov 1995-ci ilin 16 martında Azərbaycanın suverenliyinə qarşı yönələn cəhdin qarşısını alarkən qəhrəmancasına şəhid olub. Ona 1995-ci ilin 4 aprelində Azərbaycan Respublikasının Milli Qəhrəmanı fəxri adı verilib.
Toplantının sonunda iştirakçılar milli qəhrəmanın və şəhidlərin məzarı önünə gül dəstələri qoyub.