Bu gün Bakıda "Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü"nə həsr olunmuş "Müəllif və riyakarlıq, kitab və yalan" (erməni tarixi saxtakarlıqları silsiləsindən) mövzusunda konfrans keçirilir.
Trend-in məlumatına görə, Müəllif Hüquqları Agentlikləri tərəfindən təşkil olunan tədbirdə Azərbaycanın dövlət qurumlarının əməkdaşları, millət vəkilləri, Türkiyədən gələn nümayəndələr və digər qonaqlar iştirak edir.Agentliyin sədri Kamran İmanov jurnalistlərə bildirib ki, konfransın adının bu cür seçilməsi heç də təsadüfi deyil: "Ermənilər tərəfindən sifariş olunan "kitab"lar, yaxud onların özlərinin yazdığı və ya xarici muzdlu müəlliflər tərəfindən yazılan "əsərlər" riyakarlığa əsaslanaraq dünyaya yalan toxumu səpir və ictimai rəyi çaşdırır, ermənisayağı həqiqətləri qəbul etdirməyə çalışırlar. Təbii ki, biz bu günə qədər buna qarşı öz mübarizəmizi aparmışıq və aparacağıq. Bu yalanları ifşa etmişik və edəcəyik".
K.İmanov bildirib ki, Müəllif Hüquqları Agentliyi Prezident İlham Əliyevin tapşırığına əsasən öz funksiyalarından birini informasiya savaşında təbliğat hücumuna yönəldir:
"Ulu öndər Heydər Əliyevin məşhur sözləri var - "Azərbaycan xalqının mənəviyyatına, onun milli qüruruna, mənliyinə yönəlmiş böhtanlara qarşı mübarizə aparmağı biz özümüzə tarixi bir hökm kimi qəbul edirik. Biz bununla bağlı işimizi aparmışıq və aparacağıq".