Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında keçən il aprel ayında baş verən döyüşlərə həsr olunan “Bitməyən savaş” adlı tədbir-sərgi keçiriləcək.
Bu barədə QAZİLER.AZ-a Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Azərbaycan İstiqlal Muzeyindən xəbər verilib.
2016-cı il aprel ayının 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında “Dördgünlük müharibə” kimi tarixə düşmüş hərbi münaqişə baş vermişdi. Bu döyüş zamanı Azərbaycan Silahlı Qüvvələrinin birləşmələri Goranboy rayonuna və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəklikləri, eləcə də Seysulan məntəqəsini azad edib, Füzuli rayonu istiqamətində yerləşən "Lələ təpə" adlandırılan yüksəkliyə nəzarəti ələ keçirib, Ağdərə-Madagiz istiqamətində yolların nəzarətdə saxlanılmasını təmin ediblər.
Muzeydə təşkil olunan sərgidə 2016-cı il aprel döyüşlərində həlak olan Əbdülməcid Axundovun, Fəxrəddin Qurbanlının, Samid İmanovun, Müşfiq Orucovun, Orxan Müstəcəbovun, Vüqar Yusifovun, Murad Mirzəyevin, Raquf Orucovun, Pəncəli Teymurovun əşyaları nümayiş olunacaq.
Tədbirdə Azərbaycan İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsi, Milli Məclisin deputatı Hikmət Babaoğlu, polkovnik Şair Ramaldanov, şəhidlər Əbdülməcid Axundovun anası Ceyran Həsənova, Raquf Orucovun qardaşı Zabil Orucov və digər qonaqlar çıxış edəcəklər və Bakı şəhəri Təhsil alan Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin nümayəndələri tərəfindən kompozisiya nümayiş olunacaq.
Tədbirdə şəhidlərin qohumları və dostları, Milli Qvardiyanın, Daxili Qoşunların əsgərləri, Sərhəd Qoşunların şəxsi heyəti və digər qonaqlar iştirak edəcəklər.