Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən 13 minə yaxın kimsəsiz vətəndaşa sosial xidmət göstərilir.
Əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri ilə eyni yaşayış məntəqəsində yaşamayan və sosial xidmətə ehtiyacı olan tənha ahıllar, I qrup əlilliyi olan şəxslər və başqasının köməyinə ehtiyacı olan II qrup əlillər (yoluxucu və ya ağır formalı ruhi xəstəlikləri olmadığı halda) ƏƏSMN tərəfindən evlərində sosial-məişət xidməti ilə təmin olunurlar.ƏƏSMN-nin ictimaiyyətlə əlaqələr şöbəsindən QAZİLER.AZ-a verilən məlumata görə, nazirliyin rayon (şəhər) Əhalinin Sosial Müdafiəsi Mərkəzlərinin sosial xidmətçiləri tərəfindən evlərində sosial-məişət xidməti ilə təmin olunan belə şəxslərin sayı 12891 nəfər təşkil edir. Onların 10602 nəfəri 70 yaşdan yuxarı olan tənha ahıl vətəndaşlardır. Sosial-məişət xidməti göstərilənlərin 8045 nəfəri şəhər və qəsəbələrdə, qalanları isə kənd yerlərində yaşayır.
Müvafiq qanunvericiliyə uyğun olaraq, sosial xidmətçilər həftədə iki dəfədən az olmayaraq tənha ahıl və əlil şəxslərin evlərinə gəlir, onların ev təsərrüfatında təmizlik və abadlıq işlərini yerinə yetirir, zəruri ərzaq, sənaye və məişət əşyalarının alınması və s. işlərdə xidmət göstərirlər.