Azərbaycan kişisinin ölkə xaricində necə göründüyünü gördünüzmü?-jurnalist mühacirətdən yazdı...

Azərbaycan kişisinin ölkə xaricində necə göründüyünü gördünüzmü?-jurnalist mühacirətdən yazdı... backend

Tanınmış jurnalist Röya Rəfiyeva təxminən 1 ay olar ki, Avropaya köçüb. Orada müşahidələrini qələmə alan Röya xanımın facebook profilində yazdığı statusu oxuculara təqdim edirik: "Siz heç Azərbaycan kişisinin ölkə xaricində necə göründüyünü gördünüzmü? Mən gördüm kənarda olduğum bir ay ərzində və mənə elə gəldi ki, ölkədən kənara da elə ən pislər çıxa biliblər. Necə? Deyəcəm bir-bir...

Kampda səhər tezdən, 7-də hər kəs yeməkxanaya çay, yemək götürmək üçün gedir. Hər gün 8-ə işləmiş həyətə düşəndə iki kişinin tində durub söhbətləşdiyini görürəm, gəlib-gedən insanlara baxıb qeybətləşirlər, ikisi də azərbaycanlıdır, səhərin gözü açılmamış kimdənsə danışırlar...

Yeni gəldiyim düşərgədə ilk gün axşam 10-dan sonra qışqırıq eşitdim, qonşuda dava idi. Kişi harasa yumruğunu, silləsini vurur və bizim dilimizdə qışqırırdı: "Əlini aşağı sal!". Otaqda uşaqlar qorxdu, əynimi geyinib qapını açıb səsimi yüksəltdim ki, "Bura Azərbaycan deyil, bu, nə hərəkətdir?". Səs kəsildi, dəhlizdəki uşaqdan nə baş verdiyini soruşdum, dedi ki, qonşu hər gün arvadını və uşaqlarını döyür...

Sonuncu çərşənbədə gecə 11 radələrində pəncərəni açdım ki, şəhərə baxım. Kimsə azərbaycanca qışqıra-qışqıra söyürdü, əyilib baxdım, bir kişi kampın həyətində bəlkə də bildiyi bütün söyüşləri bağıraraq telefonla kiməsə "çatdırırdı", iki nəfər də kənarda dayanıb baxırdı...

Burada sosial fond var, növbəyə durub müavinət almağa. Getdiyim gün növbədəkilərin çoxu azərbaycanlı idi, biri qapını açıq saxlaya bilmədi, qadını durub etmək istəyəndə qışqırdı: "Sən otur yerində, sən sus, sən edə bilməzsən, səndən əvvəl neçə dəfə mən etmişəm də bunu, məndən çox bilirsən, dedim otur yerində" və sair. Digər millətlərdən olanlar maraqla onlara baxıb nə baş verdiyini anlamağa çalışırdılar. Sonra ümumi söhbət başlandı və kişilər başladılar burada dava edib, başqa millətləri döyüb qalib olmaqlarından danışmağa: "Biz srazı başlayırıq tapbatap vurmağa"...

Burada, qaldığım düşərgədə azərbaycanlı kişilər əksər hallarda dil kursuna getməyə belə maraq göstərmirlər. Həyətə toplaşıb söhbətləşirlər, ya yığışıb futbol oynayırlar, ya da burada hökumətdən aldıqları 150 avroya güvənib kampda qadınlarla tanışlığa cəhd edirlər. Yadıma saldıqlarım bunlardır hələ. Desəniz ki, bəs qadınlar, onlar neyləyirlər? Qadınlar uşaqları ilə məşğuldurlar, yemək bişirirlər, onları kursa aparırlar, özləri kursa yazılırlar ki, dil öyrənsinlər və cəmiyyətə qarışa bilsinlər.

Hərdən istəyirəm onları yığıb deyəm ki, baxın, bu geridəqalmış, ömrünüzü çürüdən varlıqları neynirsiz? Amma demirəm, yəqin özləri gec-tez başa düşəcəklər...