“Mətbuat müharibə şəraitinin qanunlarına tabe olmalıdır“

“Mətbuat müharibə şəraitinin qanunlarına tabe olmalıdır“ backend

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Jurnalist Ekspert Mərkəzinin (JEM) həyata keçirəcəyi “Diqqət! Düşmən Mətbuatıdır” adlı layihənin təqdimatı olub. Tədbirdə JEM-in sədri Ceyhun Musaoğlu, sədr müavini Nicat Dağlar, millət vəkili Aqil Abbas, baş redaktorlar və jurnalistlər iştirak edib.

Ermənistan mətbuatının işğalçı düşüncəyə mənsub olan rəsmi İrəvanın dəstəkçisinə çevrildiyini bildirən JEM-in sədr müavini Nicat Dağlar mətbuat konfransını açıq elan edərək qeyd edib ki, qərəz, böhtan, dezinformasiya düşmən mətbuatının əsas süjet xəttidir: “ Ağrıdıcı məqam ondan ibarətdir ki, Azərbaycan mətbuatı, xüsusən onlayın internet resursları bəzi hallarda düşmən mətbuatının dövlətimizin əleyhinə olan məkrli məlumatların bilməyərəkdən təbliğatçısına çevrilir. Qəzetlər və saytlar əsasən cəbhə mövzulu xəbərlərdə ermənilərin dezinformasiyalarının təsiri altına düşür.

Təxribatların qarşısının alınmasında şəhid olan və yaralanan əsgərlərimizin sayı, qoşunların dislokasiya, həyata keçirilən əməliyyatlarla bağlı informasiyalarda bəzən yanlışlıqlara yol verilir. Yanlışlıqlar isə birbaşa Azərbaycan dövlətinin əleyhinə yönəlir”.

Daha sonra “Diqqət! Düşmən Mətbuatıdır” adlı layihənin məqsədindən danışan JEM sədri Ceyhun Musaoğlu bildirib ki, əsas məqsəd ölkə mətbuatında dövlət və hərbi sirri təşkil edən, milli təhlükəsizliyimizə xələl yetirən, eləcə də düşmən mətbuatına istinadən verilən təxribat xarakterli informasiyaların qarşısını almaq, media nümayəndələri arasında maarifləndirmə işləri aparmaqla problemin həllinə yardımçı olmaqdır: “Layihədə cəbhə bölgəsində yerləşən hərbi hissələrin bir neçəsində əsgərlərlə görüşlərin keçirilməsi də nəzərdə tutulub. Bu kimi görüşlərdə əsgərlərimizə kommunikasiya imkanlarında istifadə edərək cəbhə baş verənlərin çəkilməsi və internetə yerləşdirilməsinin ziyanlı tərəfləri izah olunacaq. Düşmən mətbuatına istinad və cəbhədəki əməliyyatların işıqlandırılması xüsusunda ehtiyatlı davranış torpaqları işğalda saxlanılan ölkənin mətbuatının üzərinə düşən ən böyük öhdəlikdir. Bu öhdəliklərə ciddi əməl olunması üçün dövlət qurumları və vətəndaş cəmiyyəti institutları aktiv fəaliyyətə keçməlidir”.

JEM sədri bildirib ki, məlum olduğu kimi bizim 3 vətəndaşımız işğal olunmuş ərazilərdə öz doğma ata-baba yurdlarını ziyarət edərkən əsir düşdü: “Bunlardan biri qətlə yetirildi, ikisi isə həbs olundu. Həmin dövrdə bizim bəzi mətbuat orqanlarında “Kəlbəcərdə azərbaycanlı diversantlar tutuldu” deyə məlumat getdi. Bunu həmin saytlar manşetə verdilər. Bu tamamilə kökündən yanlışdır. Çünki bunu erməni mətbuatı belə yaza bilər. Biz isə bunları diversant yox, öz ata-baba yurdlarına gedən insanımız kimi təqdim edilməli idik. Erməni mətbuatının təxribatına uyduq, sensasiya xətrinə belə bir addım atdıq. Müdafiə Nazirliyindən dəfələrlə bəyanatlar yayıldı ki, düşmən mətbuatına istinadda olduqca ehtiyatlı olun”. Daha sonra çıxış edən millət vəkili Aqil Abbas bildirib ki, ordu ilə bağlı olan fikirlərimizi yazıb, tənqidi materialları Müdafiə Nazirliyinə göndərmişik: “Azərbaycanda ordunun əleyhinə yazılan yazılar həm orduda ruh düşgünlüyü yaradır, həm də əsgərlərin valideynlərində narahatlığın yaranmasına səbəb olur.

Düşmən mətbuatında gedən yazılar şərh olunaraq yazılmalıdır və cavab verilməlidir. Bəzən biz düşmən mətbuatından məlumata olduğu kimi saytlara qoyuruq. Bu da yanlış bir şeydir”. Millət vəkili qeyd edib ki, erməni ordusunun bir ağıllı siyasəti var: “Əgər 25 erməni ölübsə, onu bölürlər günlərə. Heç vaxt yazmırlar ki, dünən döyüşdə 25 erməni əsgəri öldürülüb. Birinci olaraq 4-dünü deyirlər, səhəri gün ikisini, daha sonra deyirlər əsgər əsgəri güllələdi. Burada məqsəd ondan ibarətdir ki rəqəm böyük olanda ölkədə ajiotaj yarana bilər. Yəni demək istəyirəm ki, müharibənin öz mətbuatı var”.

Tədbirdə Müdafiə Nazirliyinin Dövlət Sirrinin Mühafizəsi Xidmətinin bölmə rəisi polkovnik-leytenant Rafiq Məmmədov, millət vəkili Aqil Abbas, Qarabağ Qaziləri Birliyinin sədri Etimad Əsədov, “Qazilər.az” saytının baş redaktoru Rey Kərimoğlu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətinin rəhbəri Yadigar Məmmədli, Mətbuat Şurasının idarə heyətinin üzvü Azər Həsrət, Azərbaycan radiosunun əməkdaşı, hərbu jurnalist Tural Quluzadə, hərbi jurnalist İbrahim Rüstəmli və digərləri çıxış edərək mövzu ilə bağlı öz fikirlərini bildiriblər.











Diaspora