Ombudsman Aparatının əməkdaşları düşmənlə təmas xəttində yerləşən hərbi hissələrin bölmələrinə baxışlar keçiriblər.
Ombudsman Aparatının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanovanın Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının Komandanlığı və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Komandanlığı ilə razılaşdırdığı plan-cədvəllərə müvafiq olaraq, Ombudsman Aparatının əməkdaşlarının həmin qurumların səlahiyyətli nümayəndələri ilə birgə hərbi hissələrə başçəkmələri müntəzəm qaydada davam etdirilir.Başçəkmələrin əsas məqsədi hərbi qulluqçuların məişət şəraiti ilə tanışlıq və həmin hərbi obyektlərdə insan hüquqlarının təmin olunması vəziyyətini öyrənməkdir.
Bu günlərdə Ombudsman Aparatının Hərbi qulluqçuların hüquqlarının müdafiəsi sektorunun müdiri Fəzail Həsənov və Aparatın böyük məsləhətçisi Murad Babayev Müdafiə Nazirliyinin məsul əməkdaşı Emin Səfərovla birgə Müdafiə Nazirliyinin Bərdə, habelə Tərtər rayonları ərazisindəki hərbi hissələrin düşmənlə təmas xəttində yerləşən bir sıra bölüklərində və döyüş növbəçəkmə postlarında plan üzrə baxışlar keçiriblər.
Baxışlar zamanı şəxsi heyətin yüksək döyüş ruhu və psixoloji durumu, təkmilləşdirilmiş məişət şəraiti, xüsusilə modul tipli yataqxanaların istifadəyə verilməsi, qidanın keyfiyyəti və hərbi nizamnamələrə uyğun xidmətin təşkili müsbət qiymətləndirilib.
Ombudsman Aparatının əməkdaşları şəxsi heyətlə insan hüquqları, o cümlədən hərbi qulluqçuların hüquqları, müvəkkilin bu istiqamətdə fəaliyyəti, mövcud hərbi qanunvericilik və hərbi nizamnamələr mövzusunda söhbətlər aparıb, çoxsaylı suallar cavablandırılıb.
Respublikamızda hüquqi maarifləndirmə, ideoloji və təlim-tərbiyə işlərinin, şəxsi heyətin Vətənə sədaqət və vətənpərvərlik hissinin gücləndirilməsi sahəsində tədbirlərin əhəmiyyəti vurğulanıb.
Görülən işlərin daha da təkmilləşdirilməsi üçün hərbi hissələrin komandanlığına müvafiq tövsiyələr verilib, habelə ombudsman təsisatında insan hüquqları sahəsində hazırlanmış çoxsaylı nəşrlər hərbi hissələrə hədiyyə edilib.
Baxışlar zamanı hərbi qulluqçuların müraciətləri dinlənilib, onlara hüquq və azdlıqları, həmçinin müvəkkilin səlahiyyətləri izah edilib.
Tədbirlərin keçirilməsi komandanlıq və şəxsi heyət tərəfindən razılıqla qarşılanıb.