Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Qaziler.az-a verilən xəbərə görə, ƏƏSMN-nin sosial xidmət müəssisələrindən ailələrinə verilən şəxslərin sayı 2,6 dəfə artıb.
Cari ilin 01 aprel tarixinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki sosial xidmət müəssisələrində ümumilikdə 1030 nəfər tam dövlət təminatında yaşayır.Onlardan 312 nəfəri sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlardır və ƏƏSMN-nin Şaqan 3 saylı və Saray 7 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evlərində, digərləri 18 yaşından yuxarı şəxslər olmaqla nazirliyin psixonevroloji internat evlərində yerləşdiriliblər. Bu müəssisələrdə yaşayan insanlar hərtərəfli qayğı, daimi yaşayış şəraiti, qida, geyim və tibbi xidmətlə təmin olunurlar. Son illərdə Heydər Əliyev Fondunun “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı çərçivəsində Şaqan 3 saylı və Saray 7 saylı internat evlərində uşaqların normal yaşayışı, çoxşaxəli və səmərəli reabilitasiya tədbirlərinə cəlb olunması üçün müasir tələblərə uyğun şərait yaradılıb. Habelə ƏƏSMN-nin Bilgəh, Buzovna və digər yerlərdəki sosial xidmət müəssisələrində sakinlərin yaşayışı, lazımi xidmətlərlə təmin olunması üçün normal şəraitin yaradılması təmin olunub. Digər belə müəssisələrdə də bu istiqamətdə müvafiq işlər aparılıb və hazırda davam etdirilir.
Eyni zamanda, sosial xidmət müəssisələrində yaşayan şəxslərin doğma ailə mühitinə qaytarılması istiqamətində də işlər uğurla davam etdirilir. Son üç ayda ƏƏSMN-nin sosial xidmət müəssisələrindən ümumilikdə 29 nəfərin ailələrinə qayıtmaları təmin edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 18 nəfər (2,6 dəfə) çoxdur.
Cari ilin birinci rübü ərzində ƏƏSMN tərəfindən tabeliyindəki internat evlərinin fəaliyyətinin mütərəqqi beynəlxalq standartlara uyğun qurulması, bu internat evlərində göstərilən sosial xidmətlərin və reabilitasiya yönümlü işlərin genişləndirilməsi üçün onların nizamnamələri təkmilləşdirilib. Habelə yeni nizamnamələrdə sözügedən internat evlərinin rəsmi adlarında da beynəlxalq yanaşmalara uyğun dəyişiklik aparılıb. Belə ki, Şaqan 3 saylı və Saray 7 saylı internat evlərinin “Ağıldankəm uşaqlar üçün internat evi” adı “Sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evi” adı ilə, 18 yaşdan yuxarı şəxslər üçün nəzərdə tutulan internat evlərinin “Ruhi-əsəb əlilləri üçün internat evi” adı “Psixonevroloji internat evi” adı ilə əvəz edilib.