Dünən – martın 15-də Bakıdakı “Ramada” otelinin sinema salonunda tamaşaçıların qəlbini “Dolu” filmində yaratdığı “Drakon” obrazıyla fəth etmiş gənc aktyor Rza Rzayevin ilk rejissor və ssenari işi olan “Geyilməmiş ayaqqabılar” filminin təqdimat mərasimi keçirilib.
Qaziler.az Strateq.az-a istinadən xəbər verir ki, xeyli sayda tanınmış ziyalılarımızın – deputatların, media təmsilçilərinin, nüfuzlu qələm sahiblərinin qatıldığı təqdimat mərasimində “Geyilməmiş ayaqqabılar” filmi nümayiş etdirilib, daha sonra isə tamaşaçıların film haqda təəssüratları, rəyləri dinlənilib.Bütövlükdə Azərbaycanın Qarabağ dərdini işıqlandırmağa həsr edilmiş bu film daha çox gərgin psixoloji süjeti və siyasi mahiyyətiylə diqqət çəkib.
Filmdə Qarabağ savaşında gənc ərini və körpə qızını itirmiş, tək oğluyla Bakıdakı qaçqın yataqxanasına sığınmış və hər gün geriyə – öz doğma torpaqlarına qayıtmaq ümidiylə yaşayan bir Azərbaycan qadının ümumiləşmiş obrazı canlandırılıb, onun ağır iztirabları, məşəqqətli həyatı əks olunub; eləcə də "Həsrət" adı verilmiş övladının inadkar xarakteri, tükənməz torpaq həsrəti və alışıb-yanan qisas yanğısı, böyüyərək əsgər getməsi və sonda da ayaqlarını və gözlərini itirmiş şəkildə Xankəndini ziyarəti ifadələrsiz, sözlərsiz – daha çox kamera, ekran diliylə, simvol və işarələrlə tamaşaçıya çatdırlıb.
Filmdə həm də Qarabağ probleminin indiyədək niyə çözülmədiyinin mahiyyətinə, ayrı-ayrı ölkələrin tutduğu mövqeyə də çox orijinal şəkildə işıq tutulub…
Film ilk təqdimat mərasimindəcə dərin tamaşaçı rəğbətiylə qarşılanıb.
Film hada rəyini açıqlayan çıxışçılar Rza Rzayevin ilk rejissor və ssenari işini yüksək qiymətləndirərək, bu filmi Azərbaycan kino sənətinin inkişafında həm də “yeni mərhələnin başlanğıcı” adlandırıblar, ona uğur arzulayıblar, eləcə də filmin beynəlxalq arenaya çıxarılmasının gərəkliyini vurğulayıblar.
Filmdə ana rolunu tanınmış azərbaycanlı aktrisa Gulzar Qurbanova, onun oğunu isə Dəniz Həsənov adlı məktəbli canlandırıb, filmin musiqisini isə rus bəstəkar Vyaçeslav Şulin yazıb.