Aprelin 18-də IDEA İctimai Birliyi və “Sevimli bala” təşkilatının birgə həyata keçirdiyi “Uşaqlar üçün laboratoriya” layihəsi çərçivəsində növbəti təlim keçirilib.
Trend-in məlumatına görə, hər il aprelin 22-də bütün dünyada qeyd olunan “Yer günü” ərəfəsində keçirilən təlim “Yer” kürəsinin sağlam və yaşıl gələcəyi naminə təbiətin qorunması, təbii resursların qənaətli istifadəsi, tullantıların azaldılmasına həsr olunub.Laboratoriya zamanı Yer kürəsinin mühafizəsi ilə bağlı qısametrajlı film nümayiş olunub, uşaqlara ətraf mühitin qorunmasının vacibliyi, gündəlik həyatda təbiəti qorumaq üçün atılmalı olan addımlar barədə ətraflı məlumat verilib.
Sonra “kiçik ekoloqlar” tullantılardan kiçik incəsənət nümunələrinin hazırlanmasında, əyləncəli bilik yarışmalarında və müxtəlif müsabiqələrdə iştirak ediblər.
Aprel laboratoriyası uşaqlarda təbiətin mühafizəsinin vacibliyi haqqında dərin təəssürat oyatmaqla yanaşı, onlarda təbiətə sevgi və qayğı hissinin gücləndirilməsinə töhfə verib.
“Uşaqlar üçün ekoloji laboratoriya” çərçivəsində keçiriləcək növbəti təlimlər barədə məlumat mətbuatda, IDEA İB-nin rəsmi internet səhifəsi və sosial şəbəkələrdəki səhifələrində yerləşdiriləcək.