Xalq şairi Fikrət Qoca oğlunun öldürülməsindən xəbərsizdir. Lent.az-a bu barədə onun özü məlumat verib.
Şair bildirib ki, oğlunun öldürülməsi ilə bağlı Daxili İşlər Nazirliyinin məlumatından xəbərsizdir: “Mənə demişdilər ki, yıxılıb, başında yaralardan ölüb. Mənim də, oğlumun da heç kimlə ədavəti olmayıb. Siz dediniz, mən bildim ki, oğlumu qətlə yetiriblər. Adlar var, cinayətkarlar öz cəzasını çəkəcək. İndiyə qədər məni istintaqa və yaxud hər hansı polis bölməsinə çağırmayıblar”.***
Daxili İşlər Nazirliyi xalq şairi Fikrət Qocanın oğlu Yalçın Qocayevin qətlə yetirilməsi ilə bağlı məlumat yayıb. Lent.az nazirliyə istinadən xəbər verir ki, martın 11-də saat 2 radələrində Vətən Müharibəsi Veteranlar Birliyinin Nəsimi rayonu M.Cəlal küçəsində yerləşən rayon şöbəsinin inzibati binasında Ruslan adlı şəxs oranın üzvü, Bakı şəhər sakini Yalçın Qocayevə baş nahiyəsindən küt alətlə xəsarət yetirib. Y.Qocayev hadisə yerində ölüb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Y.Qocayevin tanışları - Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Ruslan Məmmədov, Sabirabad rayon sakini Elnur Nəhmədov, Bakı şəhər sakini Pərviz Hüseynovla aralarında mübahisə baş verib. Mübahisə zəminində Y.Qocayevin E.Nəhmədov tərəfindən döyülərək öldürülməsi müəyyən edilib.
Görülmüş tədbirlərlə hər üç şəxs tutulub.